Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələr ölkədə yanacaq çatışmazlığını dərinləşdirib. Bir çox bölgədə yanacaq qıtlığı, uzun növbələr və qiymət artımı müşahidə olunur. Məlumata görə, ilin ilk yarısında benzin və dizel ticarəti 47% azalıb, orta qiymət isə 46% yüksəlib.
Ən ağır vəziyyət kənd təsərrüfatında və işğal altındakı Krımda yaşanır. Krımda benzinin qiyməti bəzi hallarda litri 450 rubla qədər yüksəlib.
Vladimir Putin yanacaqdoldurma məntəqələrində növbələrin olduğunu etiraf etsə də, vəziyyəti "kritik deyil" kimi qiymətləndirib. Kreml böhranın səbəbini Ukraynanın "informasiya kampaniyası" ilə əlaqələndirir.
Yanacaq böhranı rusların narazılığını artırsa da, analitiklər bunun Putin hakimiyyəti üçün ciddi siyasi təhlükə yaratmayacağını düşünür. Onların fikrincə, iqtisadi çətinliklər hələlik Rusiyada kütləvi etirazlara və ya Kremlin siyasətini dəyişməsinə səbəb olmur.
Aytac,
Sitat.info