Cənubi Qafqazda “3+3” formatı “Minsk qrupu”na çevrilməkdədir - Elxan Şahinoğlu

13:20 16 İyul 2026

"Prezident İlham Əliyev Şuşada keçirilən Media Forumda çıxış edərkən “Cənubi Qafqazda “3+3” formatı bərabərhüquqlu altıtərəfli əməkdaşlıq olmalı və növbəti “Minsk qrupu”na çevrilməməlidir” cümləsini işlədib. Fikrimcə, bu format artıq Minsk Qrupuna çevrilməkdədir".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

 O bildirib ki, burada bir neçə faktor var: "Birincisi, qrupun bir üzvü – Gürcüstanın bəlli səbəblərə görə, Rusiya ilə diplomatik münasibətləri yoxdur və rəsmi Tbilisi haqlı olaraq bu formatda iştirak etmir. Yəni indiki halda söhbət yalnız 3+2 formatından gedə bilər". İkincisi, Rusiya və İran hələ də Cənubi Qafqaz ölkələrinin müstəqil qərarlarına hörmət etmirlər. Misal üçün həm Moskva, həm də Tehran açıq-aşkar “Tramp yolu”nun əleyhinədirlər. Bunu ABŞ-ın bölgədə möhkəmlənməsini kimi qəbul edirlər. Azərbaycanın və Ermənistanın istər ABŞ, istərsə də, Avropa İttifaqı ilə sıx əlaqələri müstəqil qərarlardır və başqa dövlətlərin bu qərarların əleyhinə çxıması regional əməkdaşlıq imkanlarını azaldır. “Tramp yolu”ndan xeyli ölkə, o cümlədən Azərbaycan və Ermənistan faydalanacaqlar".

E.Şahinoğlunun fikrincə, əgər bir ölkə qonşusunun qərarına hörmət etmirsə, onunla bir formatda uzaq məsafə qət etmək mümkün olmayacaq: "Azərbaycan üçün ən yaxşısı qonşu ölkələrlə ikitərəfli və üçtərəfli formatları davam etdirməkdir. Əlbəttə, 3+3 formatından imtina edən tərəf biz olmayacağıq, ancaq Rusiya və İranın qonşu ölkələrə münasibətdə siyasətləri dəyişməyincə, format elə Minsk Qrupu kimi fəaliyyət göstərəcək".

Nigar,

Sitat.info



Xəbər xətti