ABŞ ilə İran arasında davam edən hərbi qarşıdurma Körfəz regionuna yayılıb. ABŞ ordusu İrana qarşı 7 gecədir davam edən hücumların son mərhələsinin başa çatdığını açıqlayıb. Buna cavab olaraq Tehran İraq, Küveyt, İordaniya və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.
İranın Səhiyyə Nazirliyi bildirib ki, ABŞ-nin 27 iyundan bəri həyata keçirdiyi hücumlar nəticəsində 50 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı 7 gecə davam edən əməliyyatların son dalğasının tamamlandığını bəyan edib.
İran isə cavab olaraq Küveytdəki Camp Udairi bazasının sursat anbarını, həmçinin Ali Al Salem Hərbi Hava Bazasındakı qərargah binalarını, sursat anbarlarını və əlaqə məntəqələrini pilotsuz uçuş aparatları (PUA) ilə hədəf aldığını açıqlayıb. Bundan başqa, İordaniyadakı Əl-Əzraq Hərbi Hava Bazasında yerləşən hərbi yanacaq çənlərinə də PUA zərbələri endirildiyi bildirilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə Bəhreyndə ABŞ-yə məxsus pilotsuz uçuş aparatları anbarını və süni intellekt mərkəzini raketlərlə vurduğunu iddia edib.
İordaniya ordusu öz növbəsində İran tərəfindən buraxılan 10 raketin zərərsizləşdirildiyini açıqlayıb. Həmçinin İranın Küveytdə yerləşən ikinci elektrik istehsalı və su təmizləyici obyektini də hədəfə aldığı bildirilib.
İranın hücum etdiyi ölkələrdən biri də İraq olub. Ərbil və Süleymaniyyə şəhərlərində güclü partlayışlar və yanğınlar qeydə alınıb.
Digər tərəfdən, İranın Hörmüzqan əyalətinin Su İdarəsi ABŞ-nin Cask şəhərinin qərbində yerləşən su paylayıcı nasos stansiyasına endirdiyi zərbə nəticəsində 10 min nəfərin susuz qaldığını açıqlayıb.
Aytac,
Sitat.info