Yardım üçün açılan bank hesabları niyə bloklanır? – Əkrəm Həsənov səbəbləri açıqladı

14:08 27 İyul 2026

Son vaxtlar sosial şəbəkələrdə yardım məqsədilə açılan bank hesablarının bloklanması ilə bağlı narazılıqlar artıb. İstifadəçilər bildirirlər ki, canlı yayımlar vasitəsilə xəstələrin müalicəsi və ya ehtiyaclı ailələr üçün topladıqları vəsaiti bank hesablarından çıxara bilmirlər.

Bəs qanunvericilik bu məsələni necə tənzimləyir? Bankların bu cür hesabları bloklamaq hüququ varmı?

Mövzu ilə bağlı Sitat.info-ya danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, bankların belə hallarda hesabları bloklamaq səlahiyyəti var:

"Bankın buna səlahiyyəti var. Çünki çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı müəyyən meyarlar var. Bir bank hesabına müxtəlif yerlərdən xırda-xırda məbləğlər daxil olursa, bu, şübhəli əməliyyat hesab olunur. Bu o demək deyil ki, bank həmin şəxsə xidmət göstərmir. Sadəcə, həmin hesabın sahibi bunu əsaslandırmalıdır.

Bankın ixtiyarı var ki, pulun mənbəyini öyrənsin. Əks halda, bu mexanizmdən qanunsuz məqsədlər üçün də istifadə oluna bilər. Kim müəyyən edib ki, bu adamın bu pula ehtiyacı var, ya yoxdur? Bəlkə çirkli pulları yuyurlar, bəlkə terrorçuluğu maliyyələşdirirlər. Axı bilinmir ki, kim kimə pul verib".

Ə.Həsənov vurğulayıb ki, hesabın bloklanması həmin şəxsin qanunsuz fəaliyyət göstərməsi anlamına gəlmir. Sadəcə, bank hesab sahibindən vəsaitin mənbəyini və təyinatını əsaslandırmağı tələb edə bilər:

"Bankın pulun mənbəyini araşdırmaq səlahiyyəti var. Əks halda, bu mexanizmdən qanunsuz məqsədlər üçün də istifadə oluna bilər. Axı bank əvvəlcədən müəyyən edə bilməz ki, həmin vəsait həqiqətən ehtiyacı olan şəxs üçün toplanır, yoxsa çirkli pulların yuyulması və ya terrorçuluğun maliyyələşdirilməsi məqsədi daşıyır".

Bank kartı olanların nəzərinə: yeni qayda tətbiq edilir - Globalinfo.az

Əkrəm Həsənov hesab edir ki, bu sahədə dövlət nəzarətinin gücləndirilməsinə ehtiyac var. Onun sözlərinə görə, yardım məqsədilə açılan hesablar üzərində nəzarət mexanizmi yaradılmalı, toplanan vəsaitin hansı istiqamətdə xərcləndiyi izlənilməlidir.

"Burada vergi məsələləri də nəzərə alınmalıdır. İl ərzində qeyri-qohumlardan müəyyən həddə qədər vəsait qəbul etmək mümkündür. Bununla belə yaxşı olar ki, hesablar açılanda nəzarət həyata keçirilsin və həmin hesaba yığılan pulların hara sərf olunduğuna da nəzarət edilsin. Bu sahədə hüquqi boşluqların aradan qaldırılması və şəffaf nəzarət mexanizmlərinin tətbiqi məqsədəuyğun olardı".

 

Aytac,

Sitat.info



Xəbər xətti