Qəbul edəcək yeni qanun dəyişikliyinə əsasən keçmiş məcburi köçkünlər dövlətin işğaldan azad edilmiş ərazilərində təklif etdiyi evdən imtina edəcəyi halda məcburi köçkün statusunu da itirmiş, mənzil hüququndan imtina etmiş olur. Lakin bu onun 3 il müddətində məcburi köçkünlər üçün tətbiq edilən güzəştlərdən, müavinətlərdən faydalanmasına maneə deyil.
Mövzunu Sitat.info üçün şərh edən iqtisadçı alim, deputat Vüqar Bayramov bildirdi ki. dövlət tərəfindən keçmiş məcburi köçkünə təklif olunan evdən imtina edilməsi vətəndaşın könüllü qərarı əsasında mümkündür: "Yəni vətəndaşa — keçmiş məcburi köçkünə dövlət tərəfindən mənzil təklif olunursa, bu zaman onun həmin mənzili götürmək və ya mənzildən imtina etmək hüququ var. Söhbət, işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən və vətəndaşlara təqdim olunan mənzillərdən gedir. Bu proses könüllüdür. Əgər vətəndaş həmin mənzilə sahib olmaq istəyirsə, onu qəbul edə bilər. Çünki məqsəd həm də işğaldan azad olunmuş ərazilərimizin daha qısa müddətdə, intensiv olaraq məskunlaşmasıdır".
Deputatın fikrincə, burada sosial baxımdan müsbət məqam ondan ibarətdir ki, hətta keçmiş məcburi köçkün ona təklif olunan evdən imtina etsə də, o, 3 il müddətində güzəştlərdən istifadə edə biləcək: "Yəni o güzəştlərdən istifadə müddəti evi qəbul edən vətəndaşımızla eyni olacaq. 3 il müddətində həm aylıq müavinət ala biləcək (bu, hər ailə üzvü üçün 60 manatdır), eyni zamanda digər güzəştlərdən, o cümlədən bəzi rüsumlardan azad olunacaq, pulsuz təhsil hüququndan istifadə edəcək".
V.Bayramov vurğuladı ki, bütövlükdə məskunlaşma prosesi dövlət büdcəsi hesabına aparılır və mənzillər də hər bir keçmiş məcburi köçkünə ya onun doğulub boya-başa çatdığı kənddə, rayonda, ya da ki, digər ərazilərdə təklif olunur: "Digər ərazilərdə seçim könüllüdür. Yəni vətəndaş məsələn, Füzuli rayonunun sakinidirsə, ona Xocavənd rayonunda mənzil təklif olunursa, könüllü şəkildə onu seçə də bilər, imtina da edə bilər. Amma bu, onun mənzildən imtina etməyi anlamı gəlmir. Çünki o, Xocavənd rayonundakı mənzildən imtina edərək öz kəndində inşa ediləcək yaşayış məntəqəsində mənzillə təmin olunmağa üstünlük verə bilər.
Ona görə də burada vətəndaşlarımıza xeyli sayda seçim imkanları tanınır. Mənzildən imtina edən şəxsin 3 il müddətində güzəştlərdən istifadə etməsi də o anlama gəlir ki, praktiki olaraq keçmiş məcburi köçkünlər üçün güzəşt paketi mənzili qəbul edib etməməsindən asılı olmayaraq bütün keçmiş məcburi köçkünləri əhatə etmiş olacaq".
Aytac,
Sitat.info