İran-Oman danışıqları: Hörmüz boğazı ilə bağlı hansı razılaşma hazırlanır?

09:57 5 Avqust 2026

İran və Oman arasında Hörmüz boğazında gəmiçiliyin bərpasına dair danışıqlar sürətlənir. ABŞ və İran tərəfi mümkün razılaşmanın yaxın vaxtlarda əldə oluna biləcəyinə işarə etsələr də, sənədin detalları hələ açıqlanmayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, danışıqlar təhlükəsiz dəniz daşımalarının təmin edilməsi, eyni zamanda İran və Omanın suveren hüquq və təhlükəsizlik maraqlarının qorunmasına yönəlib.

"Reuters" agentliyinin danışıqlarda iştirak edən yüksəkvəzifəli İran rəsmisinə istinadən yaydığı məlumata görə, tərəflər müvəqqəti plan üzərində işləyirlər. Təklifə əsasən, İran boğaza daxil olan gəmilərə nəzarət etmək, çıxan gəmilərin hərəkətini izləmək və zərurət yaranarsa müdaxilə etmək hüququ əldə etmək istəyir. Gəmilərin çıxış marşrutu isə İran və Oman arasında yerləşəcək, son çıxış icazəsi isə Tehran məlumatlandırıldıqdan sonra Oman tərəfindən veriləcək.

Mənbənin sözlərinə görə, İran ilkin mərhələdə irəli sürdüyü hər iki istiqamətdə tam nəzarət tələbindən geri çəkildiyi üçün mövqeyini daha da dəyişməyə hazır görünmür.

"Associated Press" agentliyi də oxşar sxem barədə məlumat yayıb. Bildirilir ki, gəmilər boğaza İranın nəzarət etdiyi marşrutla daxil olacaq, Omanın nəzarət etdiyi marşrutla isə çıxacaqlar. Həmçinin təhlükəsizlik və ətraf mühitin mühafizəsi məqsədilə xidmət haqlarının tətbiqi nəzərdə tutulur. Məlumata görə, mümkün razılaşma ABŞ-ın İran limanlarına tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqələndirilir.

İranın "Press TV" telekanalı isə danışıqların məqsədinin Hörmüz boğazında hazırkı şimal və cənub marşrutlarını əvəz edəcək yeni "orta dəhliz"in yaradılması olduğunu bildirib.

Səid,

Sitat.info



Xəbər xətti