Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti cümə günü 84,44 dollara yüksəlsə də, günü 83,55 dollarla başa vurub. Bu gün səhər Brent nefti 83,57 dollara satılıb. WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 78,06 dollar olub.
Sitat.info xəbər verir ki, neft qiymətlərindəki artımın əsas səbəbləri Hörmüz boğazının açılması ilə bağlı qeyri-müəyyənlik və Yaxın Şərqdə yeni hücumların qlobal neft tədarükünə dair narahatlıqları artırmasıdır.
İran rəsmiləri Hörmüz boğazına nəzarətin davam etdiriləcəyini bildirir. Tehran və Oman arasında boğazın istifadəsi və nəzarəti ilə bağlı danışıqlarda irəliləyiş olduğu açıqlansa da, İran ABŞ-la hazırda birbaşa danışıqlar aparmadığını deyir. ABŞ Prezidenti Donald Tramp isə iki ölkə arasında təmasların “sakit şəkildə” davam etdiyini bildirib.
Digər tərəfdən, Yəməndəki husilər Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus obyektə PUA ilə hücum etdiklərini açıqlayıb. Həmçinin Hörmüz boğazında BƏƏ-yə məxsus neft tankerinə hücum edildiyi bildirilib.
Hörmüz boğazı dünya neft daşımaları üçün mühüm marşrut olduğundan, burada yaranan hər bir gərginlik neft bazarında qiymət artımı qorxusunu gücləndirir. İran-ABŞ münasibətlərində qeyri-müəyyənlik və bölgədə hücumların davam etməsi neftin qiymətini 84 dollar həddinə yaxın saxlayır. Gərginlik artarsa, qiymətlərin daha da yüksəlməsi mümkündür.
Nigar,
Sitat.info