Naxçıvandan Avropaya elektrik enerjisi ixracı: Regionda yeni iqtisadi mərhələ başlayır

09:47 12 Avqust 2026

"Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz hissəsi olaraq nəinki ölkəmizdə, bütövlükdə regionda xüsusi mövqeyə malik strateji bir mərkəzə çevrilməkdədir. Uzun müddət blokada şəraitində yaşamış Naxçıvanın nəqliyyat sisteminin və iqtisadiyyatının inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olub. 2026-cı ildən etibarən - cənab Prezidentin Naxçıvana səfəri zamanı bəyan etdiyi kimi — muxtar respublikada xüsusi vergi güzəştlərinin tətbiqinə başlanılıb. Bu ildən etibarən  istehsalla məşğul olan sahibkarlar demək olar ki, bütün vergilərdən azad edilib, sosial ödənişlərdə isə dövlət tərəfindən kompensasiya mexanizmi yaradılıb. Bu addımlar Naxçıvana investisiyaların cəlb edilməsinə və sahibkarlığın sürətli inkişafına mühüm stimul verir".

Bu sözləri Sitat.info-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib. 

O bildirib ki, paralel olaraq, Naxçıvanın sənayeləşməsi və nəqliyyat-logistika sahəsindəki mövqeyinin gücləndirilməsi istiqamətində ciddi irəliləyişlər müşahidə olunur: "Hazırda Naxçıvanda 130 sənaye müəssisəsi fəaliyyət göstərir. Beş il əvvəl bu göstəricinin 109 olduğunu nəzərə alsaq, artım dinamikası muxtar respublikada həyata keçirilən struktur və kadr islahatlarının uğurlu nəticəsidir. Avtomobil nəqliyyatı ilə illik 7 milyon 140 min ton yük daşınır, ümumi yük dövriyyəsi isə 430 milyon ton-kilometr təşkil edir. Bu rəqəmlər regionun nəqliyyat infrastrukturunun yüksək potensiala malik olduğunu göstərir".

V.Bayramov onu da əlavə edib ki, Zəngəzur dəhlizinin açılması və TRİPP yolunun istifadəyə verilməsi bu logistika potensialının daha dolğun reallaşdırılmasına geniş imkanlar yaradacaq: "Yeni mərhələdə Naxçıvan vasitəsilə Azərbaycan yalnız ənənəvi məhsullarla deyil, innovativ istiqamətlər, xüsusilə elektrik enerjisi vasitəsilə Türkiyə və Avropa bazarlarına inteqrasiya edəcək. Bu hədəf həm Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunması, həm də ölkənin enerji ixracının artırılması baxımından əsas prioritetlərdəndir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Naxçıvandan Avropa İttifaqına elektrik enerjisinin nəqli bu strategiyanın mühüm tərkib hissəsidir. Ona görə də, həm Naxçıvan üçün, həm ölkəmiz, həm də region üçün böyük bir səhifə açılır. Bu uzun müddət blokadada olan Naxçıvan üçün yeni inkişaf mərhələsi deməkdir. Dövlət dəstəyinin gücləndirilməsi fonunda strateji layihələrin həyata keçirilməsi Naxçıvan iqtisadiyyatının daha da yüksəlməsinə, eləcə də Azərbaycanın qeyri-neft-qaz məhsulları ixracının genişlənməsinə imkan yaradacaq".

Nərgiz,

Sitat.info 

 



Xəbər xətti