"Azərbaycan Prezidentinin Naxçıvana səfəri xüsusi bir hadisədir. Çünki ilk dəfə olaraq yaranmış yeni reallıqdan sonra Naxçıvanın TRİPP marşrutu üzərində mühüm qovşağa çevrilməsinin hazırlıq işləri başlamış oldu və bu istiqamətdə Prezident mühüm mesajlar verdi.
Naxçıvana və bütövlükdə Azərbaycana böyük gələcək vəd edən bu mesajların ən önəmlisi, ilk növbədə Naxçıvanın təhlükəsizliyi məsələsi idi. Naxçıvanın nəqliyyat və kommunikasiya arteriyalarından birinə çevrilməsi, eyni zamanda logistika və nəqliyyat qovşağı coğrafiyasına çevrilməsi məsələsi ilə bağlı verilən mesajlar diqqətçəkən idi".
Bu sözləri Sitat.info-ya açıqlamasında Prezidentin Naxçıvan səfərini dəyərləndirən deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, proses əslində qlobal miqyasda qiymətləndirilməlidir: "Hər nə qədər bu proses regional xarakterli kimi görünsə də, bir ərazidən il ərzində 15 milyon ton yük daşınacaqsa, bu artıq qlobal xarakter daşıyır. Azərbaycan Prezidenti də bu məsələyə toxunaraq TRİPP marşrutunun Naxçıvandan keçməsinin xüsusi hadisə olduğunu qeyd etdi. Məsələ ondadır ki, Naxçıvanın qovşağa çevrilməsi və onun gələcək perspektivləri daha böyük strateji əhəmiyyət daşıyır. Çünki Naxçıvandan cənuba doğru istiqamətlənən yeni dəmir yolu şaxəsi Pakistana qədər uzana bilər və Naxçıvandan Türkiyəyə artıq tikilməkdə olan dəmir yolu Avropaya qədər uzana bilər".
Deputat hesab edir ki, bütün bunlar təkcə Naxçıvana rifah gətirmir: "Bu təkcə Naxçıvanda yeni iqtisadi münasibətlər sistemi formalaşdırmır, həm də bütövlükdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində strateji rolunu və gücünü artırır. Ona görə də Naxçıvanda sənaye parkının salınması, Naxçıvanın hidroenerji istehsalı mərkəzlərindən birinə çevrilməsi və ixracat dividendləri gətirməsi də, əlbəttə ki, mühüm hadisədir. Bütün bunlar, heç şübhəsiz ki, Azərbaycan tərəfindən həyata keçirilən strateji layihələrin nəticəsində və Azərbaycanın yaratdığı tarixi, yeni reallıqlar kontekstində baş tutur".
Nigar,
Sitat.info