Naxçıvana 258 milyon manatlıq sərmayə: Yeni inkişaf mərhələsinə hazırlıq başladı

16:11 12 Avqust 2026

Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncam Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində növbəti mühüm addımdır. Sərəncama əsasən, 2026–2027-ci illərdə Naxçıvanda müxtəlif layihələrin həyata keçirilməsi üçün 258 milyon manat vəsait ayrılır.

Bu maliyyə paketi təsadüfi və ayrı-ayrı layihələr toplusu deyil. Ayrılan vəsait Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı əvvəlki dövlət proqramlarının, o cümlədən 2023–2027-ci illəri əhatə edən Dövlət Proqramının davamı olaraq, bölgədə uzunmüddətli və ardıcıl inkişaf siyasətinin növbəti mərhələsini formalaşdırır.

Yeni investisiyalar ilk növbədə Naxçıvanın infrastruktur imkanlarını genişləndirəcək. Yol və nəqliyyat sisteminin yenilənməsi, enerji təminatının gücləndirilməsi, təhsil və sosial obyektlərin tikintisi ilə yanaşı, abadlıq və quruculuq işlərinin davam etdirilməsi əhalinin gündəlik həyatına birbaşa təsir göstərəcək.

Enerji təhlükəsizliyi və Avropaya enerji ixracı...

Paketin əsas istiqamətlərindən biri enerji təhlükəsizliyidir. 15,6 meqavat gücündə Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsinə vəsait ayrılması Naxçıvanın enerji potensialının artırılmasına xidmət edir. Günəş və su elektrik stansiyalarının yaradılması istiqamətində görülən işlərin davam etdirilməsi həm regionun enerji dayanıqlığını gücləndirir, həm də Azərbaycanın bərpa olunan enerji siyasətinə uyğun gəlir.

Naxçıvanın nəqliyyat infrastrukturu da genişmiqyaslı yenilənmə mərhələsinə keçir. 420 kilometr uzunluğunda kəndlərarası, şəhər və kənd yollarının əsaslı təmiri nəzərdə tutulur və bu layihələr 26 yaşayış məntəqəsində yaşayan təxminən 156 min nəfərin nəqliyyat imkanlarını yaxşılaşdıracaq.

Şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi isə sərnişindaşımada keyfiyyət və təhlükəsizliyin artırılmasına imkan verəcək. Bu addım Naxçıvanın nəqliyyat sisteminin müasir tələblərə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Təhsil və yaşam şərtləri dəyişir...

İnvestisiya paketində təhsil infrastrukturu da xüsusi yer tutur. Naxçıvan Dövlət Universitetində 1000 yerlik tələbə yataqxanasının, müxtəlif ərazilərdə isə ümumilikdə 640 yerlik 5 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi planlaşdırılır.

Sosial və kommunal infrastrukturun yenilənməsi də proqramın mühüm istiqamətlərindəndir. 161 yaşayış binasının fasad və tam təmiri, eləcə də istilik qazanxanalarının əsaslı təmiri minlərlə sakinin yaşayış şəraitinin və kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına şərait yaradacaq.

Bütün bunlar göstərir ki, 258 milyon manatlıq paket yalnız yeni obyektlərin tikintisinə yönəlmiş maliyyə qərarı deyil. Bu, Naxçıvanın enerji, nəqliyyat, təhsil, yaşayış və kommunal infrastrukturunun paralel şəkildə yenilənməsini nəzərdə tutan kompleks inkişaf proqramıdır.

Yeni mərhələyə hazırlıq...

Əslində, bu sərəncam Naxçıvana dövlət dəstəyinin yeni mərhələsini nümayiş etdirir. İnfrastrukturun gücləndirilməsi, yeni obyektlərin yaradılması və enerji imkanlarının genişləndirilməsi gələcəkdə investisiyaların, məşğulluğun və iqtisadi fəallığın artması üçün də daha əlverişli mühit formalaşdıra bilər. 

Nəticə etibarilə, Naxçıvanda həyata keçirilən layihələr bölgənin yalnız bugünkü problemlərinin həllinə deyil, onun gələcək iqtisadi potensialının artırılmasına hesablanıb. 258 milyon manatlıq yeni paket bu baxımdan Naxçıvanın inkişafında növbəti böyük investisiya mərhələsi kimi qiymətləndirilə bilər. 

Belə kiNaxçıvanın Azərbaycanın əsas hissəsi, Türkiyə və daha geniş dünya ilə nəqliyyat və iqtisadi əlaqələrinin genişləndiyi bir vaxtda regionun müasir infrastrukturla təmin olunması onun yeni mərhələdə açılacaq imkanlardan tam yararlanması üçün əsas şərtlərdən biridir.

Aytac,

Sitat.info

 



Xəbər xətti