Naxçıvan regional mərkəzə çevrilir: İqtisadi inkişaf üçün yeni mərhələ başlayır...

09:46 14 Avqust 2026

Naxçıvanın gələcək inkişafı ilə bağlı yeni mərhələyə qədəm qoyulur. Prezident sərəncamı ilə bölgəyə ayrılan 258 milyon manat və sahibkarlar üçün tətbiq edilən vergi güzəştləri Naxçıvanın iqtisadi potensialının önə çıxarıldığını göstərir. Zəngəzur dəhlizi, Türkiyə və İranla sərhəd, eləcə də Türk dünyasına çıxış Naxçıvanın strateji əhəmiyyətini daha da artırır. Qarşıdakı dövrdə əsas hədəf Naxçıvanı yalnız siyasi və geosiyasi baxımdan deyil, həm də regional iqtisadi mərkəzə çevirməkdir.

Mövzu ilə bağlı Sitat.info-ya danışan Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə bildirdi ki, bu, uzun müddətdir davam edən bir prosesdir: "Naxçıvan bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Naxçıvan həm dəhliz baxımından, həm də dəhlizdən kənar sosial-iqtisadi məsələlərin həlli baxımından vacibdir. Ümumilikdə, mürəkkəb coğrafi mövqedə yerləşməsi də onun əhəmiyyətini artırır. Zəngəzur dəhlizinin açılması ilə bağlı yaranan yeni reallıqlar göstərir ki, Naxçıvan çox önəmli və strateji addımlarla inkişaf potensiala malik bir bölgəyə çevrilməlidir".

Ə. Hacızadə bildirib ki, ayrılan vəsait  və həyata keçiriləcək layihələr 3 ölkə ilə həmsərhəd olan Naxçıvanın logistik imkanlarını artıracaq: "Bu gün cənab Prezidentin Naxçıvana 258 milyon manat vəsait ayırması, eləcə də oradakı sahibkarların vergidən azad edilməsi göstərir ki, Naxçıvan artıq yalnız siyasi deyil, həm də Azərbaycanın iqtisadi maraqlarına töhfə verən mühüm məkana çevrilməlidir. Naxçıvanın kifayət qədər böyük potensialı var. O, həm Türkiyə, həm də İranla həmsərhəddir. Gələcəkdə Ermənistanla sərhədin açılması da bu coğrafiyanı daha geniş iqtisadi əlaqələr məkanına çevirə bilər. Bunun üçün böyük infrastruktur layihələrinin həyata keçirilməsi, yeni iqtisadi lokasiyaların yaradılması və Naxçıvanın Azərbaycanın Türkiyə ilə birbaşa əlaqəsini təmin edən mühüm qapıya çevrilməsi gözlənilir. Eyni zamanda, Naxçıvan Türk dünyası formatında da önəmli məkana çevrilə bilər. Düşünürəm ki, bu istiqamətdə iqtisadi maraqlarımız kifayət qədər böyükdür və yaxın zamanda bu maraqları reallaşdıra biləcəyik".

Nigar,

Sitat.info



Xəbər xətti