Politoloqların bir qismi düşünür ki, yeni raket sistemləri , xüsusən də HİMARS veriləndən sonra Ukrayna müharibənin gedişatında bugünə qədər əldə edə bilmədiyi üstünlüyü əldə edib. Hesab edilir ki, undan sonrakı proses geridönüş prosesidir və torpaqlarını hətta Krıma qədər bir-bir işğaldan azad edə bilər. Rusiya əraziləri də vurulur, bəzən mətbuatda açıqlanmır və s. Bundan sonrakı prosesdə Ukrayna həqiqətən də qələbə qazana bilərmi ? Yoxsa qışa doğru Avropanın qaz problemindən əziyyət çəkməsi , təzyiq altında qalması, dolayısı ilə Ukraynanın da dəstəkdən məhrum olaraq sıxışdırılmasına gətirib çıxara və vəziyyət Rusiyanın xeyrinə dəyişəcək?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən politoloq Elxan Şahinoğlu bildirdi ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi davamlı hal alıb: "Müharibə başlayanda müəyyən fərziyyələr var idi ki, bir aya bitər, iki aya bitər və ya bəlkə sülh sazişi imzalanar. Bunların heç biri baş vermir, verməyəcək də. Çünki Rusiya Ukraynanı parçalamaq istəyir, bu fikrində qətidir. Putin geri addım atsa, bu onun imicinə zərbə olacaq. Rus cəmiyyətinin gözündən düşəcək. Putin əvvəlki planı - Ukraynanı paçalamaq, Kiyevi işğal etmək alınmadı. İndi minimum planla bəlkə də kifayətlənmək istəyəcək. Yəni Dombasın tamamını işğal etmək, Xerson və Zaporojye bölgələrini işğalda saxlamaq. Xerson da ona görə vacibdir ki, Krıma quru yol olsun".
Elxan Şahinoğlu qeyd etdi ki, Ukrayna bununla razılaşmır və razılaşmayacaq : "Xerson ətrafında döyüşlər gedir, Krıma zərbələr endirilir. Amerika Ukraynaya kifayət qədər silah və sursat verir. Qələbənin kimin tərəfində olacağını söyləmək çətindir. Yəni, məncə, hər iki tərəf tam qələbəni əldə edə bilməyəcək. Nə Putin öz istəyinə tam çatacaq, nə də Ukrayna bütün hədəflərinə çatacaq. Düzdür, Krıma zərbələr endiriləndən sonra Zelenski belə bir fikir söylədi ki, müharibə Krımdan başladı, Krımda da bitəcək. Yəni 2014-ü, Krımın ilhaqını nəzərdə tutur. Amma bu çox çətin olacaq. Hər iki tərəfin baxışlarında 180 dərəcə fərq var. Və bu baxışları dəyişən bir şey görmürəm. Ukrayna da öz ərazi bütövlüyü uğrunda savaşır. Fakt ondan ibarətdir ki, Ukrayna ordusunun müqavimət gücü artıb. Çünki öz torpaqları uğrunda savaşırlar. Amerikadan əldə etdiyi müasir silahlar Rusiya ordusuna qarşı. əks hücumlarla nəticələnir. Rusiyanın itkiləri də artır. Amma Ukrayna ordusunun da itkiləri artır".
Politoloqun fikrincə, müharibə bu ilin sonunadək böyük ölçüdə davam edəcək : "Bu artıq yorucu bir müharibəyə çevrilib. Hər iki tərəfin itkiləri var, dağıntılar var. Putinin də məqsədi də Ukrayna iqtisadiyyatını daha çox dağıtmaqdır. Və proseslər də görünür bir müddət daha uzanacaq. Amma kim qalib olacaq, kim məğlub olacaq bu tam bəlli deyil".
Ləman Sərvanqızı,
SİTAT.İNFO
Ləman Sərvanqızı