İsti hava bu insanlar üçün həyati risk daşıyır: Nə etməli?

17:34 16 Avqust 2022

Yaxın günlərdə havanın temperaturunun 40 dərəcədən yuxarı olacağı gözlənilir. Kəskin isti hava şəraiti orqanizmində müəyyən problemlər olan insanlar üçün risk  yaradır. Bu insanlar gündəlik rejimlərində,qida rasionlarında  nəyə diqqət etməlidirlər ki, kəskin istilər onların səhhətinə ziyan vurmasın? 

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən doktor Seyfəddin Əsəd qeyd etdi ki, birbaşa günvurma nəticəsində kəskin təzyiq qalxa, infarkt, insult ola bilər:"Dünyada qəbul olunmuş qayda var ki, temperatur 40 dərəcəni keçəndə iş dayanır. Və yaxud səhər -axşam iş saatı, günorta fasilə olur. İnsanlar kölgədə olmalı, gün altına çıxmamalıdır. Bol miqdarda, yəni 3 litrdən artıq su içməlidirlər. İmkan varsa, tez-tez soyuq  duş qəbul etməlidirlər. Bundan əlavə yüngül qidalanmalıdırlar, ət  xörəkləri yox, meyvə-tərəvəz, giləmeyvə, qoz, fındıq, qatıq, şor, pendir daha çox istifadə edilməlidir. Qarpız və xiyar susuzluğu xeyli dərəcədə yatırır. İnsanlar  məcburi bayıra çıxırsa, başına şlyapa qoymalıdır və ya  gün çətiri tutmalı, gün eynəyi taxmalı, bir sözlə gündən qorunmalıdırlar”.

Seyfəddin Əsəd bildirdi ki, istilər qan təzyiqi, ürək-damar sistemi xəstə olan insanlara daha çox təsir edir: "Ciddi fəsad verirsə, təcili tibbi yardım çağırılmalıdır.Təcili yardım gələnə qədər xəstənin yanında olan insanlar əynindəki paltarları çıxarıb maksimal dərəcədə yüngül vəziyətə salmalıdır ki,  hava ilə təmasda olsun. Ciddi narahatlığa səbəb olub, temperatur xeyli qalxıbsa, buz qoymalıdırlar. Kəskin təzyiq düşübsə, kafein vura bilərlər".

Nigar Abuzər,

SİTAT.İNFO



Xəbər xətti