Ermənilər 10 noyabr üçtərəfli razılaşmasından sonra Azərbaycan torpaqlarında yeni təhlükə mənbəyi yaratmaq üçün çox sayda mina istehsal edib , hətta minlərlə minanı sülhməramlıların "nəzarəti" altında Laçın dəhlizindən keçirərək müvəqqəti məskunlaşdıqları ərazilərdə, xüsusən də Laçında basdırıblar. Azərbaycan tərəfi bu əraziləri öz nəzarətinə keçirdikdən sonra aparılan təmizləmə işləri nəticəsində minə yaxın 2021-ci il istehsalı olan mina çıxarılıb. Problemin digər bir tərəfi isə odur ki, həmin minalar sülhməramlıların gözünün önündə gətirilib. Onlar bu sursatın nə daşınmasına, nə də basdırılmasına mane olmayaraq məramlarını ortaya qoyublar. Azərbaycan tərəfinin buna cavabı necə olmalıdır?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Azərbaycan tərəfi qalan müddətdə, yəni avqustun 25-i sentyabrın 1-i arasındakı müddət ərzində təsirli tədbirlər görməsə, addımlar atmasa biz çox böyük fəlakətlərlə baş-başa qalacağıq : "Əvvəla oradan çıxan ermənilər tərk etdikləri ərazilərdə heç nəyə toxunmayacaqlarına söz versələr də, yəni hər şeyi yandırıb dağıdacaqlar və üstəlik də minalar da basdırıblar və o minalar da sonradan əlavə problemlər yaradacaq. Necə ki, 2020-ci ilin 10 noyabr üçtərəfli razılaşmasından bugünə 200-dən artıq insanımız minaya düşərək ya şəhid olub, ya da ki, qazi olub və bu gün də müalicələrini davam etdirirlər. Bunun qarşısı təcili şəkildə alınmalıdır. Orada öz vəzifə borclarını çox məsuliyyətsiz yerinə yetirən Rusiya sülhməramlılarından da tələb olunmalıdır ki, onlar təsirli tədbirlər görsünlər. Belə davam edə bilməz".
Ü.Cəfərov qeyd etdi ki, bu baş verənlərdə özümüzü də günahlandırmalıyıq : "2020-ci ildə Kəlbəcərdə onlara əlavə vaxt verdik, onlar Kəlbəcərdən çıxarkən evləri yandırdılar, vandalizm həyata keçirdilər. Amma təəssüflər olsun ki, üstündən iki ilə yaxın vaxt keçib və bu müddət ərzində bir nəfər də olsun erməni məsuliyyətə cəlb olunmadı. İndi də onlar o cəzasızlıq mühitindən istifadə edərək Laçından və digər ərəzilərdən çıxarkən yenə də o evləri yandıracaqlar. Hərçənd ki, yenə də deyirəm ki, biz onlara gərək vaxt verməməliydik. Amma vaxt verdiyimiz təqdirdə, yəni buna uyğun bəzi addımlarımızı da planlaşdırmalıyıq. Təəssüflər olsun ki, o mənzərəni görmürük. Bu gün baş verənlər dəhər birimizdə həm hiddət yaradır, həm də təəssüf doğurur. Yandırılan evləri hardasa bərpa etmək olar, amma xaotik şəkildə basdırılmış təzə minaların vurduğu ziyanı bərpa etmək olmayacaq. Bu minaları onlara ruslar veriblər və ya ermənilərin digər havadarları. O minalar bizim üçün həm xeyli problemlər yaradacaq, vaxt baxımından əhali zamanında qayıda bilməyəcək. Həm də bizim insanlarımız o yerlərə qayıdandan sonra, Allah qorusun, böyük fəlakətlərlə baş-başa qalacaqlar. Bir sözlə, erməni erməniliyində qalır. Onlar heç vaxt düzəlmək istəmirlər. Və çətin ki, düzəlsinlər".
Ləman Sərvanqızı
SİTAT.İNFO