"Açıq görünür ki, Azərbaycan ərazisində yerləşmiş Rusiya sülhməramlıları üzərinə düşən misiyanı həyata keçirmək iqtidarında deyil. Və ya sülhməramlı mandatının mahiyyətini anlamırlar. Necə ola bilər ki, sənin xidmət apardığın əraziyə separatçı qanunsuz silahlı birləşmələr 2021-ci ildə istehsal olunmuş 1000-dən artıq mina gətirib yerləşdirsin və sən bu boyda əməliyyatı görməyəsən?! Bunu görməmək, bilməmək, minaların basdırılmasından xəbər tutmamaq sadəcə imkansızdır".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu deyib.
Onun fikrincə, açıq demək olar ki, sülhməramlılar bölgədə sülhün təminatçısı deyillər: "Problemin uzanmasını və bu uzanmanın da fonunda bölgədə daha çox qalmağı hədəfləyirlər.
Hesab edirəm ki, Azərbaycan diplomatik qayda da bütün bu özbaşınalıqlara, qanunsuz əməllərə və sülhməramlıların hərəkətsizliyinə öz münasibətini kəskin formada bildirməlidir. Öz misiyasını anlamayan, öhdəsindən gəlməyən sülhməramlının Azərbaycan ərazisində xidmət aparmağa haqqı yoxdur."
Partiya sədri erməni terroçularının hələ də Qarabağda qalmasının sülhməramlıların fəaliyyətsizliyinə sübut olduğunu dilə gətirdi: "Nəzərə alsaq ki, sülhməramlıların Azərbaycan ərazilərinə daxil olan zaman üzərinə götürdüyü öhdəliklərdən biri də bölgədə olan qanunsuz silahlı birləşmələri tərksilah etmək idi, hansı ki, bu günədək də bu baş verməyib. O zaman Rusiya rəsmiləri düşünməlidir: Öz vəzifəsinin öhdəsindən gəlməyən sülhməramlıların Azərbaycan ərazisində nə işi var?!".
Nigar Abuzər,
SİTAT.İNFO