"Borc pulla bilet alıb xaricə oxumağa gedən gəncləri qaytarmaq çətin olacaq" - Elşad Paşasoy yazır..

12:31 23 Avqust 2022

"Azərbaycan Xalq Cümhuriyyəti zamanında  hökumət xaricdə təhsil almağa yolladığı tələbələrə 410 min frank vəsait ayırmışdı. Buraya həm təhsil haqqı, həm də tələbələrin təqaüdü daxil idi. Üstəlik, tələbələrimizin təhsil alacağı ölkələrdə bahalıq, inflyasiya riskləri də nəzərə alınmışdı. İlk tələbə qrupu toy-bayramla yola salındı, 14 yanvar 1920-ci ildə... AXC Paris Sülh Konfransında de-fakto tanınmışdı, toy-toya qarışmışdı. Böyük sənətkarlarımız tarzən Qurban Pirimov və Cabbar Qaryağdıoğlunun ifaları ilə… Azərbaycan xalqı və dövləti onun gələcəyi olacaq gənclərini təhsil ardınca yola salırdı, dəniz vağzalında arxasınca su atırdı bütün millət…
Çox təəssüf ki, ilk Cümhuriyyətimizin xaricə təhsil ardınca göndərdiyi 100 tələbənin əksəriyyətinin taleyi faciəli oldu…Rəhmətlik Şirməmməd müəllim bir dəfə evində mənə onlar haqda ürək ağrısı ilə danışmışdı".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında tanınmış yazar Elşad Paşasoy deyib.

O vurğulayıb ki, bu təcrübənin bu gün də tətbiq olunmasına ehtiyac var: "XXI əsrdə tələbələrimizin xaricə təhsil ardınca yollanması haqda müzakirələri oxudum və  bütün bunları xatırladım. Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan Azərbaycan Respublikası qüdrətli dövlətdir! Dövlətimiz on minlərlə tələbəni pulsuz-parasız oxutmağa qadirdir, necə ki, xüsusi Dövlət Proqramı var. 
Amma bu gün öz təşəbbüsü ilə xaricdə təhsil almağa qərar vermiş övladlarımıza da dəstəyimiz vacibdir. Hətta 700 bal toplayıb, Ankara Universitetini seçmiş balamızadək, hamısına! Çünki onların əksəriyyəti yüksək təhsil aldıqdan sonra Azərbaycana qayıtmağa qərarlıdırlar, Vətənə! Heç olmasa yolpulunu ödəyək ki, gələndə, onları mütəxəssis olaraq qarşılayanda özümüz də rahat olaq. Qonşusundan, bankdan borc alıb təyyarə bileti sifariş edənləri bu məmləkətə qaytarmaq çətin olacaq, inanın!". 


E.Paşasoy təklif edir ki, ən azı indiki durumda quru sərhədlərinin açılması xaricə oxumağa gedən gənclərimizə bir güzəşt olar: "Heç olmasa, tələbələr üçün quru yolunu müvəqqəti açaq, getsinlər, gəlsinlər, bağlayaq! Naxçıvan yolunu açaq, Türkiyəyə keçsinlər! Ya biletpulunun yarısını dövlət üzərinə götürsün. Lap elə uzunmüddətli borc versin, tələbə krediti şəklində! 
Ümumən, nəsə qatqımız olmalıdır. Axı, bizim övladlarımız Zəfər qazanmış ölkəni təmsil edəcəklər...".

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti