Təcili pensiyalar və əmək haqları qaldırılmalıdır ki, vətəndaş dilənçi vəziyyətinə düşməsin" - Fazil Mustafa

12:59 23 Avqust 2022

Azərbaycanda ən zəruri gündəlik tələbat malları və ərzaq məhsulları bahalaşır. Manat dəyər itirdikcə, əhalinin onsuz da azalmaqda olan gəlirləri bir qədər də dəyərsizləşir və nəticədə yoxsulluq həddində yaşayanların, rifah səviyyəsi aşağı düşənlərin sayı artır. Bütün bu baş verənlərin fonunda hökumət əhalinin sosial müdafiəsini gücləndirmək üçün hansı addımlar  ata bilər? 

Mövzu ilə bağlı SİTAT.İNFO-nun sualını cavablandıran deputat Fazil Mustafa bildirdi ki, qiymət artımı fonunda hökumət bu istiqamətdə vətəndaşın problemini qarşılamalıdır: "Hökumət bu cür bahalaşmanın qarşısında vətəndaşın əzilməsinə imkan verməmlidir. Buna görə də təcili sosial paket təqdim olunmalıdır. Burada inflyasiyasının səviyyəsinə görə, ən az ona yaxın səviyyədə vətəndaşların aztəminatlı hissəsinin müdafiəsi istiqamətində addım atılmalıdır".

Deputat vurğuladı ki, hazırda  özəl sektor da ağır vəziyyətdədir: "Malı gətirənlərində böyük əksəriyyəti dollarla alır və qiymət dəyişimində bu özünü göstərir. Xaricdə bahalaşıb deyə burada da qiymət qalxır. Çünki idxaldan asılı ölkəyik, bir çox məsələlərdə hələ ki, istehsalımızı qura bilmədik. İllərimizi boşa keçirdik. Buna görə də indi çətinliklərimiz daha çox özünü büruzə verəcəkdir. Daxili bazarımızı gücləndirmək üçün bir sıra sahələrdə  iş görülməlidir, məsuliyyətsizlik indi özünü göstərməkdədir. Hökumətin bu istiqamətdə addımı qaçılmazdır".

F.Mustafa vurğuladı ki,  bu süni qiymət artımı deyil: "Bu dünya bazarı ilə bağlı artımdır. Amma bir çox hallarda iş adamları da bu artıma maraqlı olmamalıdırlar. Amma onlar məcburdular buna getməyə. Belə bir məcburiyyət qarşısında artım varsa vətəndaş nə etməlidir? Vətəndaşın maaşı yetərli deyil. Ona görə də təcili surətdə pensiyalar, əmək haqları qaldırılmalıdır ki, bu inflyasiyanın qabağında Azərbaycan vətəndaşı dilənçi vəziyyətinə düşməsin. Bu istiqamətdə də bütün resursları hərəkətə gətirməliyik ki, bu dövrü çalxalanma olmadan, təlatümsüz çıxmağa imkan tapa bilək".

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti