"Artıq demək olar ki, sayılı günlər qalıb, ermənilər o əraziləri boşaltmalıdırlar. Sentyabrın 1-ə qədər Azərbaycan Müdafiə Nazirliyinin əsgər və zabitləri onlara verilən tapşırığı yerinə yetirməlidirlər. Yəni köçən ermənilərin əvvəl məskunlaşdığı yerləri həm yoxlamalıdılar, həm də insanların ora gəlişini yavaş-yavaş təmin etməlidilər".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, yeni yoldan ermənilərin qanunsuz istifadəsinə, nəzarətsiz yükdaşımalarına icazə verilməyəcək: "Yeni yol ilə bağlı onu deyə bilərəm ki, ermənilərin oradan yenə də əvvəlki qaydada istədikləri yükləri aparıb-gətirməsi, kimi gəldi Qarabağa buraxması mümkün olmayacaq. Yeni yolun Azərbaycanla Ermənistan hissəsində DSX-nin nəzarət buraxılış məntəqəsi olacaq, o cümlədən də Dövlət Gömrük Komitəsinin. Sülhməramlılar isə orada ermənilərin həmin yolla təhlükəsiz hərəkətini təmin edəcəklər. Bildiyim məlumat bundan ibarətdir. Ona görə də, yeni yolun istifadəyə verilməsilə seperatçıların demək olar ki, nəfəs borusu kəsilmək üzrə olacaq. Sözsüz ki, orada ölkəyə daxil olacaq hər bir kəsin kim olduğunu, yükünün nə olduğunu bizim Dövlət Sərhəd Xidmətinin əsgərləri yoxlayacaqlar. Bu artıq yeni bir vəziyyət yaradır, yeni bir mənzərə yaradır".
Ü.Cəfərovun sözlərinə görə, elə ermənilərin narahatlığının səbəbi də budur: "Ona görə elə ermənilər ondan narahat idilər, çox əsəbləşib, qeyzlənirdilər. O zaman tez-tez su içib özlərinə gəlsinlər. Azərbaycan onsuz da onları məcbur edəcək ki, kimin o ərazilərə adiyyatı olacaq, onlar orada qalıb yaşaya biləcək, və ya gəlib-gedə biləcəklər. Amma qoyulmuş qaydalar üzrə. Yəni, yeni yol xeyli dərəcədə gərginliyi aradan qaldırmaq üçün imkanlar yaradacaq. Bizim oranı yoxlamaq, nəzarət altında saxlamaq imkanımız daha da çoxalır, rahat şəkildə üzərimizə düşən işləri görə biləcəyik. Ona görə də yeni yol bizə yeni imkanlar verəcək. Separatçıların qeyri-qanuni şəkildə silahlandırılması, onlara nəyinsə gətirilib-aparılması halları da xeyli azaldacaq".
Ləman Sərvanqızı,
SİTAT.İNFO