"Avropanı heç də asan olmayan payız və qış gözləyir" - ŞƏRH

09:14 24 Avqust 2022

"Avro yenidən son 20 ildə ən aşağı məzənnə ilə təklif olunur. Bu gün birjalarda avro dollardan daha ucuz satılır. Belə ki, 1 avro almaq üçün indi 0.99 dollar ödəmək lazımdır. Dollar indeksi də 6 xarici valyutadan təşkil edən səbətə nisbətən 0.25 faiz yüksəlib. Dolların dünya valyuta bazarında möhkəmlənməsi davam edir".

Bu  sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, avronun uculaşması qitədə qaz böhranın dərinləşməsi və bunun da real sektora təsirləri ilə bağlıdır: " Qazprom” Qərbi Avropaya qaz təminatında da fasilələrin olacağını istisna etmir. Nəticədə Avropanı heç də asan olmayan payız və qış mövsümü gözləyir. Digər tərəfdən, avrozonada yüksək infilyasiya, iqtisadi proqnozlarda neqativ dürüstləşmə və bütövlükdə daha dərin böhran gözləntiləri avronu zəiflədir. Mavi qazın qiymətindəki kəskin artımlar “qoca qitədə” real sektorun inkişafını ciddi şəkildə tormuzlayır".

Deputat xatırladıb ki, avrozonada iyun ayının yekunlarında illik inflyasiya dərəcəsi 8.6 % olub: "Bir ay öncə bu rəqəm 8.1 %, otən il isə cəmi 1.9 % idi. Avropa İttifaqında isə zonaya nisbətən daha yüksək qiymət artımları müşahidə olunur. Bu ilin birinci yarısının son ayında 9.6 % ilik inflyasiya qeydə alınıb. Bu göstərici bir ay öncə 8.8 %, ötən il isə cəmi 2.2 % idi.

Avronun ucuzlaşması Avropa məhsullarının dollar ifadəsində ucuzlaşmasına səbəb olur. Doğrudur, avrozonada infilyasiya səviyyəsi də kifayət qədər yüksəkdir. Amma qlobal infilyasiya dərəcəsini nəzərə alsaq ucuz avro həm də dollar ifadəsində daha az xərcli Avropa məhsulları deməkdir".

V.Bayramov vurğuladı ki, Rusiya Ukrayna müharibəsi başladıqdan sonra manatın da avroya nisbətən möhkəmlənməsi müşahidə olunur: " Bu il fevralın 24-də 1 avro 1.9115 manat idisə, indi kurs 1.6891-dək dəyişib. Bu manatın avroya nisbətən son 5 aydan 12 faiz möhkəmlənməsi anlamına gəlir. Qeyd edək ki, manatın avroya birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşir və avro dollara nisbətən dəyər itirdikcə Azərbaycan pulu Avropa valyutasına nəzərən möhkəmlənir.

Dolların dünya bazarında möhkəmlənməsi kontekstində manatın məzənnəsinə gəldikdə isə əvvəllər də qeyd etdiyimiz kimi, kursa təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Bütün bunlar ilə yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də qlobal valyuta bazarındakı kəskin volatillik fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq". 

Nərgiz,

SİTAT.İNFO

 



Xəbər xətti