Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən "Haber Global" televiziyasına müsahibə verib. O, Cənubi Qafqazdakı durumdan da danışıb. Türkiyənin baş diplomatı Ermənistana xəbərdarlıq edib: "İndiyədək etimad mühitini təmin edən bəzi addımlar atılıb. Amma bu prosesi Azərbaycanla Ermənistan münasibətlərindən ayrı təsəvvür edə bilmərik. Cənubi Qafqazdakı əsaslı sabitlik həmin dövlətlərin imzaladığı müqavilə nəticəsində təmin ola bilər. Ermənistan regionda əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir”.
Çavuşoğlunun bu açıqlamasını dəyərləndirən siyasi şərhçi Kənan Novruzov SİTAT.İNFO-ya açıqlamasında bildirdi ki, Çavuşoğlunun açıqlamasında iki mühüm mesaj var idi: "Birincisi, o, bir daha yada saldı ki, Azərbaycan Türkiyə üçün qırmızı xəttdir. İrəvan Ankara ilə münasibətlərin normallaşmasında maraqlıdır. Çünki Qərblə Kreml arasında davan edən toqquşma və Şərqi Avropadakı müharibə ilə bağlı olaraq Rusiyanın tədricən zəifləməsi nəticəsində Ermənistan ortalıqda qalır. Belə olan halda Türkiyə Ermənistan üçün "təhlükəsizlik çətiri" rolunu oynaya bilər. Diplomatik münasibətlərin bərpasına Ankara da razıdır və bunu istəyir. Amma Türkiyənin mövqeyi konkretdir: diplomatik münasibətlərin bərpasını Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşmasından ayrı təsəvvür etmək olmaz".
K.Novruzov vurğuladı ki, İrəvan Ankara ilə diplomatik münasibətləri bərpa etməklə 10 noyabr 2020- ci il və 11 yanvar 2021- ci il tarixli üçtərəfli bəyanatın öhdəliklərindən boyun qaçıra biləcəyini düşünməməlidir: "Əksinə, Türkiyə ilə qarşılıqlı etimad mühitinin formalaşması üçün Ermənistan əvvəlcə həmin şərtləri yerinə yetirməlidir. Çavuşoğlu da dünənki müsahibəsi zamanı üçtərəfli bəyanatın icrasının zəruriliyini xüsusi vurğuladı. İkinci mesaj isə Ermənistan hərbi- siyasi hakimiyyətinin "gah nala, gah mıxa vurması" ilə bağlı idi. Ermənistanın sərhəddə və Qarabağda təxribatlarını davam etdirdiyi bir vaxtda hansı sülhdən danışmaq olar? Daha doğrusu, İrəvan hansı haqla "Biz regionda sabitlikdə maraqlıyıq" deyə bilər? Çavuşoğlu da qarşı tərəfə məhz bunu xatırlatdı və bildirdi ki, Ermənistan qəti addımlar atmalıdır".
Siyasi şərhçinin sözlərinə görə, indi rəsmi İrəvanın işinin heç də asan olmadığı anlaşılandır: "Qərbin, Rusiyanın, daxildəki camaatın, diasporun sifarişləri, arzuları fərqlidir. Və hər birinin Nikol Paşinyan hakimiyyətinə təsiri var. Amma Baş nazir iradə göstərməlidir. Çünki bir azdan durum daha da qəlizləşə bilər. Türkiyə Ermənistanın tərəddüdlərinə son qoyması üçün əbədi gözləməyəcək. İrəvan bunu anlamalı və qəti davranmalıdır. Hazırkı siyasətin davam etməsi Ermənistan iqtidarı üçün yaxşı nəsə vəd etmir. Yuxarıda adını çəkdiyimiz güclər, o cümlədən xalq bir gün bu tərəddüdlərin cavabını istəyə bilər" .
Səid İsaoğlu,
SİTAT.İNFO