"Laçın şəhərinin işğalçılardan, eyni zamanda sülhməramlı missiyanı həyata keçirən ordu birləşməsindən təmizlənməsi çox böyük sevincdir. Nəhayət ki, bu gün tarixində tam şəkildə Laçın şəhəri Azərbaycan ordusuna və Azərbaycan dövlətinə təhvil verilir. Məlum olduğu kimi, 10 noyabr 2020-ci ildə imzalanmış məlum sənəddə Laçın şəhərindən keçən, eni 5 km olan dəhliz Ermənistana verildi. Azərbaycanın gözəl guşəsi olan Laçın şəhəri sülhməramlıların nəzarəti altında qaldı. Azərbaycan ərazisi olaraq tanınmaq və azərbaycanlıların yaşama hüququnu tanımaq şərti ilə. Amma vətənimizin torpağı öz nəzarətimizdə olmalıdır. Bu torpaq Azərbaycana məxsusdursa, mütləq şəkildə nəzarət də Azərbaycan dövlətinə məxsus olmalıdır".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
Onun fikrincə, Laçın şəhərinin boşaldılması və alternativ yolun açılması müsbət addımdır, Azərbaycan dövlətinin yürütdüyü doğru siyasətin nəticəsidir: "Mən bunu Azərbaycan torpağının qarış-qarış işğaldan azad edilməsinin tərkib hissəsi kimi görürəm".
Alternativ yola gəldikdə isə partiya sədri vurğuladı ki, buraya Rusiya sülhməramlıları nəzarət etdiyi kimi, Azərbaycan dövlətinin sərhəd xidmətləri də nəzarət etməlidir, postlarımız quraşdırılmalıdır: "Azərbaycan dövlətinə məxsus olan Xankəndiyə, Xocalıya, Ağdərəyə və digər bölgələrə Ermənistandan hansı yüklər, hansı insanlar gedir- buna birmənalı olaraq Rusiya sülhməramlıları ilə paralel Azərbaycan sərhəd qoşunları nəzarət etməlidir. Pasport yoxlanışı olmalıdır. Bu bizim növbəti hədəfimiz olmalıdır. Eyni zamanda paralel olaraq Zəngəzur dəhlizinin açılışına nail olmalıyıq".
A.Şakiroğlu vurğulaadı ki, irəliləyən dövrlərdə Xankəndi və ətraf rayonlarda olan qanunsuz terror təşkilatının, qanunsuz silahlı birləşmələrin tərksilah edilməsinə nail olmalıyıq: "Mən inanıram ki, ortaya qoyulmuş düzgün siyasətin hesabına biz bunların hamısına nail ola biləcəyik. Laçın dəhlizi keçən Laçın şəhərini geri qaytardıq. Və digər əraziləri də Laçın şəhəri kimi öz nəzarətimiz altına götürə biləcəyik. Sadəcə bunun üçün zamana ehtiyac var və düşünürəm ki, Azərbaycan doğru yoldadır".
Səid İsaoğlu,
SİTAT.İNFO