Baltikyanı ölkələr Avropa Komissiyasına səkkizinci anti-Rusiya sanksiyalar paketi ilə bağlı konkret təkliflər hazırlayıb. Bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reinsalu bildirib. Onun sözlərinə görə, bu sanksiyalar enerji, ticarət və SWIFT sisteminə aiddir. “Biz, səkkizinci sanksiya paketinin tez bir zamanda qəbul edilməsini istəyirik. Biz artıq bu məsələ ilə bağlı Komissiyaya konkret təkliflər vermişik. Söhbət enerji, ticarət, SWIFT sistemində gələcək məhdudiyyətlərdən gedir. Eləcə də daha çox şəxsi və təşkilatı sanksiyalar siyahısına əlavə etməklə bağlı təkliflər var”.
Bəs görəsən. 8-ci sanksiya paketi Rusiyanı Ukraynaya müharibədən çəkindirə biləcəkmi?
Bu sualla bağlı SİTAT.İNFO-ya açıqlama verən Ağ Partiya lideri Tural Abbaslı bildirdi ki, bu sanksiyalarla əsas məqsədə nail olmaq mümkün deyil: "Avropa Birliyinin Rusiyaya qarşı indiyə qədər qəbul etdiyi sanksiya paketləri onu deməyə əsas verir ki, sanksiyalar effektsiz oldu. Çünki burada məqsəd Rusiyanı dayandırmaq, müharibəyə son qoymağa vadar etmək idi. Əgər sanksiyalarla bu mümkün olsaydı indiyə qədər müharibə dayanardı. Artıq sanksiyalar o həddə çatıb ki, Rusiya vətəndaşlarının bir çox ölkələrə girişi belə qadağan olunub. Rusiya pasportu daşıyır deyə insanlar bir çox ölkələrə giriş edə bilmir. Müharibəni dəstəkləməsə belə..".
T.Abbaslı vurğuladı ki, bu sanksiyalarla Rusiyanın işğalçı siyasətinin qarşısını almaq mümkün deyil: "Bunun yeganə yolu Ukraynaya real hərbi dəstəyi artırmaqdır. Eyni zamanda Ukraynanın hava məkanını nəzarətə götürmək məsələsi var. Bunların heç biri edilmir. Sanksiyalarla Rusiyanın gələcəyinə hansısa zərbə vurula bilər, iqtisadi inkişafın qarşısı alına bilər. Amma hər halda bu sanksiyalarla Ukraynaya hücumun qarşısı alına bilməz. İstər 8-ci paket olsun, istəsə də 10-cu. Heç bir faydası yoxdur".
Nərgiz,
SİTAT.İNFO