Dövlət güzəştli kreditlər verir, amma nəticəsini görmürük - TƏHLİL

11:22 31 Avqust 2022

"Hazırda dünyada kənd təsərrüfatı məhsullarının istehsalı problemə çevrilib. Dünyadakı müharibələr, böhranlar da buna təsir edir. Azərbaycanda banklar niyə bu sahənin inkişafı üçün vəsait ayırmır məsələsinə gəlincə, bizdə kommersiya banklarının faiz dərəcəsi çox yüksəkdir. Bu isə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən biznes subyektlərinə sərf etmir".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib. 

Onun sözlərinə görə, aqrar sektorda çalışan sahibkara yüksək faizli kommersiya kreditləri sərfəli deyil: "Sahibkar nə qədər qazanmalıdır ki, hələ bank krediti də versin. Ona görə də iki yol var. Birincisi Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə verilən güzəştli dövlət kreditləri, ikincisi Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilən kreditlərdir. Amma hamımız bilirik ki, bu kreditlər qeyri-şəffaf qayda və prosedurlarla verilir. Təbii olaraq orada şübhə var ki, vəsaitlər düzgün bölüşdürülmür, təyinatı üzrə istifadə olunmur və səmərəsiz xərclənir. Kreditlərin verildiyini bilsək də nəticəsini görmürük".

İqtisadçı təklif edir ki, dövlət xətti ilə verilən güzəştli bütün kreditlər şəffaf olsun: " Həmin krediti verən dövlət qurumu öz saytında kimlərin müraciət etdiyini, kimlərin hansı meyarla seçildiyini və kredit aldığını dərc etməlidir. Bu olmayacaqsa kreditlər səmərə verməyəcək. Kreditlər şəffaf şəkildə verilərsə kənd təsərrüfatında xeyli iş görmək olar".

Ləman,

SİTAT.İNFO



Xəbər xətti