"Hər 5-10 ildən bir Türkiyə ilə Yunanıstan arasında gərginlik yaşanır. Yunanıstan beynəlxalq hüquqa da məhəl qoymur. Əslində Türkiyəyə yaxın adalarda Yunanıstanın hərbi bazaları olmamalıdır. Ancaq bunlara riayət etmir. Hər dəfə Türkiyəyə guya əzələ nümayiş etdirir".
Bu fikirləri SİTAT.İNFO-ya açıqlamasında politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi şərh edərkən deyib.
Onun sözlərinə görə, Yunanıstan bu hərəkətlərində bir qədər ABŞ-a arxalanır: "Çünki hazırda ABŞ-la Türkiyə münasibətlərində soyuqluq var və Yunanıstan hökuməti bundan istifadə etmək istəyir. Amerikanın Yunanıstanda hərbi bazalarının sayı da artıb. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan hər dəfə amerikalı həmkarından bunu soruşduqda cavab verirlər ki, həmin bazalar Rusiyaya qarşıdır. Amma Türkiyədə buna inanan yoxdur. Yunanıstandakı artan hərbi bazalar niyə Rusiyaya qarşı hədəflənsin? Yunanıstanla Rusiya arasında məsafə də böyükdür".
E.Şahinoğlu vurğuladı ki, bu bazalar əslində Türkiyə əleyhinədir: "Yunanıstan hakimiyyəti bundan istifadə edib əzələ nümayiş etdirir. Düşünürlər ki, hansısa gərginlik olsa ABŞ Yunanıstanı müdafiə edəcək. Konqresdə tərəfdarları çoxdur, ABŞ-da yunan lobbisi güclüdür. Amma bir problem olsa Yunanıstan Türkiyənin qarşısında tab gətirə bilməz. Mən böyük bir müharibənin olacağını zənn etmirəm. Hər 5-10 ildən bir belə gərginlik yaşanır. Ötən əsrin 90-cı illərində adalarda kiçik toqquşmalar da yaşanmışdı".
Politoloqun sözlərinə görə. hazırda ikisi də NATO ölkəsidir və böyük dövlətlər imkan verməzlər ki, iki NATO ölkəsi arasında bu cür mübahisələr böyük bir müharibəyə səbəb olsun: "Bu NATO-nun imicinə də böyük bir zərbə olardı. Ona görə də, danışıqlar yolu ilə gərginliyi müəyyən qədər azaltmağa çalışacaqlar. Amma bu gərginliyi tam aradan qaldırmaq mümkün olmayacaq. Zaman-zaman bu cür sərhəd pozuntularının, əzələ nümayişlərinin şahidi olacağıq".
Nərgiz,
SİTAT.İNFO