Latın Amerikası uğrunda mübarizə gedir: AB Çin və Rusiyanın aktivliyindən narahatdır

12:42 2 Sentyabr 2022

Avropa İttifaqı 2023-cü ildə Latın Amerikası qitəsində fəallığını artırmağa qərar verib. Bu barədə təşkilatın hazırladığı sənəddə vurğulanıb. Hazırda Brüsselin Cənubi Amerikada mövqeləri zəifdir.

Brüsselin uzaq qitədə fəallığının artırmasının səbəbi nədir?

SİTAT.İNFO-ya açıqlamasında bu sualı cavablandıran  politoloq Elxan Şahinoğlu deyib ki,  Rusiya və Çin müxtəlif istiqamətlərdə olduğu kimi Cənubi Amerikada da fəaldırlar.

Onun sözlərinə görə, Pekin Cənubi Amerikada iqtisadi layihələrini artırıb, Moskva isə ideoloji istiqamətdə fəaldır: " Misal üçün Cənubi Amerika ölkələrinin bir qismi Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə və Çinin Tayvanla bağlı planlarına səssiz qalıblar, mövqe bildirmirlər. Bunun özü Brüsseli narahat edir.Brüssel Cənubi Amerika ilə bağlı hazırladığı sənədi Avropa İttifaqına üzv olan dövlətlərin paytaxtlarına göndərib. Sənəddə açıq qeyd edilib ki, Avropa İttifaqı Rusiya və Çinin Latın Amerikasında fəallığından narahatdır və bu fəallıq təşkilatın bu qitədə mövqelərinin zəfilədilməsinə xidmət edir. Halbuki, Latın Amerikası illər uzun Qərblə daha sıx əməkdaşlıq edib. Pekin və Moskva durumu dəyişiblər. Avropa İttifaqı vəziyyətin dəyişməsinə özünün passivliyini etiraf edib. Brüssel son illər Latın Amerikasını unudaraq əsas diqqəti Ukraynaya, Suriyaya və Liviyaya yönəldib. Səhvindən nəticə çıxaran Brüssel yenidən Latın Amerikasına qayıtmağın vacibliyini vurğulayıb. Ancaq bu asan olmayacaq".

E.Şahinoğlu vurğuladı ki, Pekin 2000-2006-cı illər arasında Latın Amerikası ölkələrinə investisiyanın həcmini 26 dəfə artırıb: "Bunun sayəsində Çin Latın Amerikasının əsas ticarət tərəfdaşına çevrilib. Latın Amerikasının 33 ölkəsində 21-i Pekinin “bir kəmər, bir yol” layihəsinə qoşulub. Latın Amerikası ölkələrinin liderləri Çinlə əməkdaşlığa maraq göstərirlər.

Brüssel 2027-ci ilə qədər Latın Amerikası ölkələrinə 3.4 milyard avro yatırmağı planlaşdırır. Bundan başqa Brüssel Latın Amerikası ölkələri ilə müxtəlif ortaq layihələri reallaşdırmaq və konfranslar keçirmək istəyir".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti