Qarabağdakı separatçı-terrorçu rejim bu gün – 2 sentyabrda qondarma “müstəqillik günü” qeyd etməyə hazırlaşır: saat 16:30-da Xankəndidə “azadlıq” meydanında yürüş keçirəcəklər. Ötən il bu günü məzarlıqda keçirmişdilər, bu dəfə yürüş etmək və bununla “müstəqil respublika” olduqlarını göstərmək istəyirlər. Bakının qondarma günə və separatizm yürüşünə “sürpriz” hazırlaması yaxşı olardı.
Məsələ ilə bağlı SİTAT.İNFO-ya danışan AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirdi ki, əgər terrorçu rejim bu "müstəqillik günü"nü qeyd edəcəksə, hansısa bir şou düzənləyəcəklərsə, mütləq şəkildə bunun cavabını Azərbaycan tərəfi verməlidir: "II Qarabağ savaşından sonra bu onların keçirəcəyi ikinci belə tədbir olacaq. Əgər birinci, 44 günlük müharibədə rüsvayçı şəkildəki məğlubiyyətin üstünü ört-basdır etmək məqsədi daşıyırdısa, yaxud ruh düşkünlüyünü aradan qaldırmağa hesablanmışdısa, düşünürəm ki, bu dəfə də analoji niyyət güdülür. Bu da avqustun 25-də Laçından rədd olub getmələri, daha doğrusu qovulmaları ilə bağlıdır. Nə qədər də yaxalarını kənara çəkmiş kimi görünməyə çalışsalar da, "müstəqillik günü" bilavasitə Paşinyan iqtidarının dəstəyi ilə baş tutacaq".
C.Abbaslı vurğuladı ki, erməni baş nazir avqustun 25-də Laçını təhvil vermələrinin hakimiyyəti üçün hansı nəticələr verməkdə olduğunun, eləcə də, bir neçə gün öncə qalib Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev qarşısında Brüsseldə necə rüsvay olduğunun fərqindədir: "Artıq addım-addım Azərbaycan tərəfin Xankəndinə doğru irəlilədiyini separatçı rejimin rəhbərliyi də, tör-töküntüləri də, onların havadarları da anlayır. Biz Laçın uğurumuzun üzərindən çox zaman keçməsinə şərait yaratmamalıyıq. Ardını gətirməli, hətta II Qisas əməliyyatını həyata keçirib, qalan ərazilərdən də terrorçuları qovmalıyıq. Ən nəhayət sonda antiterror əməliyyatarı ilə Xankəndini də azad edib, Bütöv Qarabağı azadlığına qovuşdurmalıyıq. Bu ilin sonuna qədər buna nail olmalıyıq".
Ləman,
SİTAT.İNFO