Rusiya Monqolustan və Nikaraqua ilə niyə təlim keçirir?

15:35 5 Sentyabr 2022

"Rusiyanın Primorsk diyarındakı Sergeyevski poliqonunda avqustun 31-də başlayan "Şərq-2022” strateji komanda-qərargah təlimləri davam edir. Təlimlərə 14 ölkədən 50 mindən çox hərbçi, 5 mindən çox silah və hərbi texnika, o cümlədən 140 təyyarə, 60 döyüş gəmisi, kater və dəstək gəmisi cəlb olunub. Təlimlərdə Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Monqolustan, Nikaraqua, Suriya və Tacikistanın hərbçiləri bu və ya digər şəkildə iştirak edirlər.

Bəs bu kimi dövlətlərlə təlimlərin məqsədi nədir? Rusiya bununla nə etmək istəyir? 

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən politoloq Elxan Şahinoğlu bildirdi ki, Qərbin sərt sanksiyaları fonunda Rusiyanın bu təlimlərdə məqsədi özünə yaxın bildiyi dövlətləri bir yerə toplamaqdır: "Uzaq Nikaraqua ilə Monqolustanı, Hindistanla Çini və ya Azərbaycanla Ermənistanı vahid təlimdə yalnız Rusiya amili birləşdirir. Təsadüfi deyil ki, təlimlərin açılışında iştirak edən Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov açılış nitqində deyib ki, təlimlərdə iştirak edən dövlətləri yalnız sərhədləri yaxınlığında hərbi təhlükəsizliyin möhkəmləndirilməsi zərurəti bağlamır, həm də ölkələr arasında uzun müddətli dostluq münasibətləri, yaşlı nəsillər tərəfindən qoyulmuş ümumi qəhrəmanlıq keçmişi bağlayır. Halbuki, Azərbaycanla Ermənistan və ya Çinlə Hindistan arasında hansı dost münasibətlərdən danışmaq mümkündür? Azərbaycanla Ermənistan arasında sülh sazişi mövcud deyil, Çinlə Hindistan arasında isə sərhəd problemi və tez-tez sərhədin dağlıq hissəsində toqquşmalar var".

Politoloqun sözlərinə görə, Hindistan da Çinlə rəqabət kontekstində hərbi gücünü artırmağa çalışır: "Bu arada, Hindistanın öz istehsalı olan ilk təyyarədaşıyan gəmisi “Vikrant”-ın dəniz sınaqlarının dördüncü mərhələsi başa çatıb və bundan sonra gəmi ölkənin Hərbi Dəniz Qüvvələrinə qəbul edilə bilər. Bu gəmi Rusiya istehsalı olan “MiQ” qırıcılarını, həmçinin Rusiyanın “Ka-31” və Amerikanın “MH-60R” helikopterlərini daşıyacaq. Hindistan təyyarədaşıyan gəmidə digər təyyarə və helikopterlərin yerləşdirilməsini də nəzərdən keçirir. Hindistanda təyyarədaşıyan gəminin layihələndirilməsi işlərinə 1999-cu ildə başlanılıb, on il sonra gəminin özülü qoyulub və 2013-cü ilin avqustunda suya buraxılıb. Pandemiya təyyarədaşıyan gəminin avadanlıqları ilə bağlı işləri ləngidib. Hazırda işlər yekunlaşıb.

Hindistanın hərbi gücünü artırması və okeanlarda üzə bilən təyyarədaşıyan gəmilərinin üzməsinin səbəbi bəllidir. Vaxtilə okenlarda yalnız ABŞ-ın təyyarə daşıyan gəmiləri üzərdi və bu Amerikanın dünyadakı hərbi gücünün nümayişi idi. Bu Hindistanı narahat etmirdi. Çünki ABŞ Hindistan üçün təhlükə yaratmırdı. Ancaq hazırda belə gəmilər Çində də var. Çinin bölgədə artan hərbi gücü və təyyarədaşıyan gəmiləri Hindistanı ciddi narahat etməyə başladı. Bu səbəbdən Hindistan Çindən geri qalmamağa çalışır. Dehli Çinin planlarından narahatdır. Bu səbəbdən Hindistanla Çinin eyni hərbi təlimlərdə iştirakı sadəcə simvolik xarakter daşıyır".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti