"Tərtər işi"nin təhdid mənbəyi kimi saxlanılması çox təhlükəlidir" - Anar Əsədli

16:05 5 Sentyabr 2022

"Tərtər işi çərçivəsində həyata keçirilən işgəncələr, aparılan psixoloji, kriminaloji proses hərtərəfli araşdırılmalı, boşluqlar müəyyən edilib bir an öncə aradan qaldırılmalıdır. Əlbəttə ki, siyasi institutsional araşdırmalar və istintaq sürətli, eyni zamanda dəqiqliklə aparılmalıdır. Çünki Tərtər işi Azərbaycan üçün çox ciddi təhdid faktoruna çevrilməkdədir".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında "Tərtər işi" ilə bağlı son prosesləri dəyərləndirən Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli bildirib. 

Onun sözlərinə görə, böyük ehtimalla, əvvəllər Tərtər işi Azərbaycan hakimiyyətinə qarşı şantaj faktoru kimi istifadə edilib: " Əvvəllər hakimiyyət ümumiyyətlə Tərtər işini etiraf belə etmirdi. Hərbi prokror əvvəl dedi ki, belə şey yoxdur, daha sonra çıxdı dedi ki, Tərtər işinin, bu rüsvayçı prosesin qarşısını mən almışam. Təəssüflər olsun ki, bu açıqlamasından sonra Xanlar Vəliyevdən əvvəlki açıqlaması ilə bağlı hesab soran olmadı. Bütün bunlar bilinən məsələdir".

Partiya sədri vurğuladı ki, prosesin görünməyən tərəflərinə diqqət çəkmək lazımdır: "Öncəliklə qeyd edim ki, Tərtər işi Azərbaycan Ordusuna, xüsusilə müharibədən əvvəlki, yəni müharibəyə hazırlaşan Azərbaycan Ordusuna qarşı əks-kəşfiyyat fəaliyyətidir. Prosesin baş vermə dövrü Türkiyənin hərbi dayaqlarının Azərbaycanda möhkəmləndiyi dövrlərə təsadüf edir. Buna qarşı olan güclər, regiondakı dayaqlarını itirmək istəməyən güclər və ya hansısa güc,  Türkiyə tərəfdarı olan və ya ola biləcək, Qarabağ müharibəsində Moskvanın pozuculuq fəaliyyətinə cavab verməyən hərbiçiləri, kilid şəxsləri məhv etmək qərarına gəldi. Tərtər işi Vətən müharibəsinə gedən prosesin qarşısını almaq üçün bu müharibənin səbəbkarı tərəfindən atılmış addım kimi görünür. 

Dediyim kimi, bəlli ki, Tərtər işi Azərbaycan hakimiyyətinə qarşı şantaj aləti kimi istifadə olunub. Hesab edirəm ki, dövlət maraqlarına uyğun olaraq şantaja müəyyən müddət boyun əyməyə haqq qazandırmaq ola bilər, lakin illərlə davam etməsi qəbuledilməzdir. Bunun uzun müddət davam etməsinin yeganə səbəbi xarici siyasət uğursuzluğu, vahid dövlət sinerjisinin olması, yəni təhdid mənbəyinin hakimiyyətin daxilində ciddi dayaqlarının olmasıdır". 

A.Əsədli hesab edir ki,  Tərtər işi Vətən müharibəsindəki qələbəmizdən dərhal sonra şəfaf şəkildə araşdırılmalı və cəmiyyətə açıqlanmalı idi: "Bunun təhdid mənbəyi kimi saxlanılması çox təhlükəlidir. Bəzi həbslər hər nə qədər prosesin getdiyini, istintaqın aparıldığını göstərsə də, müəmmaları daha da çox artırır. Məsələn, 1 general həbs olunur, amma arxası gəlmir. Hərbi sahədə biliyi olan şəxslər bilirlər ki, situasiyadan aslı olaraq bir generalın hansısa prosesdə iştirakı 4, 5 və ya daha çox hərbiçinin iştirakıdır. Yəni haqlı olaraq bu həbslər müəyyən şayələrə yol açır. Təqsirli şəxs belə bəzən mələk kimi görünür. Bu, yol verilməzdir. Bu, dövlətin hərbi immunitetini zəiflədən faktordur. Ona görə də bir daha qeyd etmək istəyirəm ki, proses bütövlüklə araşdırılmalı, şəffaf istintaq aparılmalı və bütün məlumatlar ictimaiyyətə açıqlanmalıdır. Bu proseslə paralel olaraq təqsirlilər məhkəmənin hökmü ilə cəzalandırılmalıdır".

Nərgiz LİFTİYEVA,

SİTAT.İNFO



Xəbər xətti