"Gələn il əmək pensiyaları ikirəqəmli faizlə indeksləşdiriləcək" - Vüqar Bayramov

13:11 7 Sentyabr 2022

"Azərbaycanda istehlak bazarında müşahidə edilən qiymət artımlarının təsirlərinin minimumlaşdırılması həm də sosial siyasətdə prioritet istiqamətlərdəndir. 2022-ci ildə yeni sosial paketin təqdim olundu, onun icrası birbaşa qiymət artımlarının sosial təsirlərinin azaldılması məqsədi daşıyırdı. Dünya bazarındakı qiymət artımları fonunda ölkədə idxal inflyasiyasının sürətlənməsi və ərzaq məhsullarında daha yüksək qiymət artımlarının müşahidə edilməsi faktdır".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında son qiymət artımlarının əhalinin sosial vəziyyətinə təsirini qiymətləndirən iqtisadçı alim, deputat Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, rəsmi statistika  göstərir ki, 2022-ci ildə qiymət artımları öncəki illərlə müqayisədə daha yüksək oldu: "Hər il ilin sonunda Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının məbləği müəyyənləşdirilir, təqdim olunur və cənab prezident tərəfindən təsdiq edilir. 

2022-ci ildə də  yaşayış minimumu və ehtiyac meyarında artımlar müşahidə olundu. Bu ilin sonunda da növbəti il üçün yeni indiqatorların təqdim olunması gözlənilir. Bu kontekstdə bizim gözləntimiz ondan ibarətdir ki, 2023-cü ildə də  yaşayış minimumu və ehtiyac meyarında artımlar olacaq. Məqsəd qiymət artımlarının sosial təsirlərini minimumlaşdırmaqdan ibarətdir". 

Deputat vurğuladı ki, son dəyişikliklərdən sonra sosial xərclərin büdcədəki payı 46 faizdən 57 faizə qədər yüksəlib: "Sosial xərclər dövlət büdcəsində əsas prioritet istiqamətdir. 

2022-ci ildə orta aylıq əmək haqqı artım faizinə uyğun olaraq 2023-cü ildə əmək pensiyalarının məbləği də indeksləşdiriləcək. Bu il əmək haqları artdığından gələn il pensiyaların indeksləşdirilməsinin ikirəqəmli faizlə həyata keçirilməsi də gözlənilir. Bu istiqamətdə sosial təminatın gücləndirilməsi ilə bağlı addımlar davam edir. Bizim də gözləntimiz odur ki, ilin sonunda yeni təqdim olunan büdcə layihəsində   yaşayış minimumu və ehtiyac meyarında artımların olması, gələn ilin əvvəlində isə əmək pensiyalarının indeksasiyası reallaşacaq".

Nərgiz,

SİTAT.İNFO 

 



Xəbər xətti