Siyasi partiyalar haqqında qanun layihəsi o qədər məntiqsizliklə, hüquqi nihilizmlə və hətta rəqəmsal səhvlərlə doludur ki, hakimiyyət təmsilçilərinin yerinə olsaydım çıxıb deyərdim ki, bizlik deyil, Ramiz Mehdiyevin kabinetində təmizlik işləri aparılırmış, kimsə tapıb Milli Məclisə göndərib, onlar da köhnə instinklərlə davranıb saytlarında çap ediblər. Məncə, bunu da əvvəlki səhvləri kimi Ramiz müəllimin üzərinə atıb məsələni bağlasınlar, çünki belə mənasız təkliflər, səhvlər, hüquqi və riyazı “korluq” 1-ci kurs tələbəsi üçün də ayıb sayılardı".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı ekspert, REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, söhbət ayrı-ayrı maddələrdən getmir, layihənin ruhu “boykotçudur”: "Hakimiyyət deyir ki, siyasətdən, seçkilərdən uzaq durun, təkliflər seçkilərə deyil də, heç birimizin, ağıllı insanların istəmədiyi iğtişaşlara çağırışdır. Yəni, biz ölkədə siyasi prosesləri sivil çərçivəyə çəkməyə çalışdıqca, hakimiyyət siyasi prosesləri illeqal müstəviyə daşımaq istəyir".
N.Cəfərli hesab edir ki, layihə siyasi partiyaların fəlsəfəsini anlamayan qələm sahibinin məhsuludur: "Siyasi partiyalar rəqəmlərdən deyil də, ideologiyadan ibarət olmalıdır, bunu belə anlaya bilməyən siyasi sistemimiz var".
Nərgiz,
SİTAT.İNFO