Paşinyan ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağını deyib: Amma hamı bilir ki,  yalan danışır...

15:17 8 Sentyabr 2022

"Sentyabr ayının ilk günündən etibarən baş verənlər heç bir normal məntiqə sığmır. Xüsusi ilə Ermənistanın addımları,  söz və əməlləri ilə tamam fərqli mənzərə yaradır. Ermənistan gah deyir ki, biz Türkiyə ilə münasibətlərin normallaşdırılmasını ümid edirik, gah Azərbaycanla sülh müqaviləsini imzalamaqdan danışır. Eyni zamanda Azərbaycan ərazisi Ermənistan tərəfdən davamlı atəşə məruz qalır".

Bu fikri SİTAT.İNFO-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. 

Onun sözlərinə görə, artıq ermənilər  yeni ünvanlarda peyda olub: "Bundan əvvəl aşağı Şorcadan Kəlbəcər və Laçın ərazisi atəşə tutulurdu. Bu gün isə Müdafiə Nazirliyinin verdiyi məlumata görə, yeni yaşayış məntəqəsinin adı peyda olub. Bunun heç bir perspektivi, mənası yoxdur. Sadəcə olaraq məsələni uzatmaq üçün atılan addımdır. Azərbaycan mövqelərinə açdıqları atəş nəticəsində hansısa bir əsgərin və zabitin yaralanmasına, şəhid olmasına hesablanmış təxribatlar törədir, bunu hələ də davam etdirirlər".

Ü.Cəfərov vurğuladı ki, ermənilər öz ağılları çərçivəsində yox, onlara verilən təlimatlar çərçivəsində hərəkət edirlər: "Bu gün uzaq Şərqə səfər edən Paşinyan forumda çıxış edir və yenə də boğazdan yuxarı fikirlər səsləndirir. Amma Brüsseldə tamam başqa cür, mələk simasında görünməyə çalışırdı. Ermənistan Azərbaycanla çoxdan bu məsələni öz yoluna qoya bilərdi. Sözsüz ki, Ermənistan kənardan idarə olunduğuna  görə məsələ uzanır. Bu fikri bir daha səsləndirmək məcburiyyətindəyəm ki, bir neçə gün bundan qabaq, Brüssel görüşündən bir gün sonra Lavrov Mirzoyanla telefon danışığı keçirtdi və bu baş verən hadisələr, regiondakı vəziyyət, o cümlədən Brüssel görüşü müzakirə olundu. Üstündən 2-3 gün keçməmiş  Mirzoyan Moskvada bağlı qapılar arxasında Lavrovla görüşlər keçirib. Biz düşmən təxribatlarına hazır olmalıuıq, bundan sonra da təxribatlar davam edəcək.

Qondarma Robern Vardaryanı bölgəyə göndərmək, atəşkəsin pozulması, o cümlədən Rusiyanın maraqlarının təmin edilməsi üçün Ermənistanın dəridən qabıqdan çıxması hiss olunur. Amma görünən odur ki, Ukraynada ki, məğlubiyyətinin acısını yaşıyan Rusiya siyasi-hərbi rəhbərliyi bu gün Qafqazda da münaqişə ocağı yaratmaqda israrlıdırlar və buna davam edirlər. Azərbaycan çox sərt və qəti addımlar atmalıdır. Artıq bir neçə gün sonra Zəfər savaşımızın başlamasının 2 illiyini qeyd edəcəyik. İki il ərzində bu bədnam qonşularımız və onlara havadarlıq edənlər maksimum çalışırlar ki, bölgədə gərginlik davam etsin".

Ü.Cəfərov vurğuladı ki, Paşinyan ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağını deyib, amma hamı bilir ki, o,  yalan danışır: "Ona görə ki, sərhədlərlə bağlı hər hansı bir iş aparılmır. Sülh müqaviləsi odur ki, ölkələr bir-birinin ərazi bütövlüyünü tanıyır. Ərazilər müəyyən olmadığı halda, ərazimizdə erməni tör-töküntüləri olduğu halda hansı sülh müqaviləsindən söhbət gedə bilər? Ona görə də real olmayan məsələləri gündəmə gətirməklə bir növ daxili auditoriyanın fikirlərini öyrənirlər və bu məsələdə qeyri-səmimi olduqlarını bir daha sübut edirlər".

Hərbi ekspert hesab edir ki, Ermənistan və ona havadarlıq edən Rusiya, Fransa və bəzi hallarda da ABŞ bölgədə sülhün yaranmasında maraqlı deyillər və maraqlı görünmürlər: "Buna görə də biz qardaş Türkiyə və müttəfiqlərimizlə bu istiqamətdə qətiyyətli və sərt addımlar atmalıyıq".

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti