Cari ilin əvvəli Prezidentin fərmanı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi BNA-dan alınaraq DİN-ə verilib.
Xatırladıram ki, NİİM keçmiş nəqliyyat naziri Ziya Məmmədovun zamanında 130 milyon manat dövlət vəsaiti sərf edilməklə yaradılmışdı.
Qarşıya qoyulan vəzifələri reallaşdıra bilmədiyindən Mərkəz 2015-ci ildə BNA-ya verilmişdi. BNA da infrastrukturu dağılmış vəziyyətdə olan NİİM-i bir neçə il təhvil ala bilmədi, bu səbəbdən də onu yeniləyə bilmədi .
Sistemin ilkin proqram kodlarının verilməsi müqavilədə nəzərdə tutulmadığından Koreya şirkəti Mərkəzin yenilənməsi üçün əlavə vəsaitlər tələb etdi, buna gprə də BNA yeni komanda cəlb etməklə, digər ölkələrlə əməkdaşlıqla müəyyən modulları yeniləməyə, sistemi dirçəltməyə çalışdı. Yalnız bir neçə modulu yeniləmək mümkün oldu. Mobil tətbiq də yarımçıq qaldı.
Xatırlayıram ki, hətta SİNAM şirkətinə 28 milyon manat vəsait ayırmaqla NİİM-in yeniləməyə cəhd etdilər. Lakin sonradan bunlar da uğursuz oldu.
Nəhayət, qeyd olunduğu kimi, indiyədək 200 milyon manatdan çox vəsait ayrılan, Azərbaycanın ən uğursuz İT layihələrindən birisi olan, qarşıya qoyulan vəzifələri reallaşdıra bilməyən, bərbad gündə olan NİİM DİN-ə verildi.
İndi vəziyyət necədir ?
SİTAT.İNFO-ya açıqlamasında bu sualı cavablandıran Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, NİİM DİN tərkibinə veriləndə gözləntilər çox oldu: .
"Gözlənilirdi ki, DİN-in yetərincə güclü olan resurslarının, yetərincə oturuşmuş İT komandasının səyləri ilə nəqliyyatın idarə olunmasında NİİM-in rolu gücləndiriləcək.
Gözlənti həm də o olub ki, NİİM Yol Polisinə yox, DİN-in İKT qurumuna təhvil veriləcək. Lakin məlum olduğu kimi nədənsə son anda NİİM Yol Polisinin nəzarətinə verildi".
O. Gündüz vurğuladı ki, istənilən halda, hələlik görünən odur ki, NİİM qarşısına qoyulan vəzifələrin icrası ilə bağlı real nəticələr ortada yoxdur: "NİİM DİM-ə veriləndən sonra yol hərəkəti ilə, yollardakı vəziyyətlə bağlı yalnız sadə bir formada, sosial media və radio üzərindən məlumatlandırmanı həyata keçirir.
Yol Polisinin infrastrukturu ilə əlaqələri gücləndirilib, bildiyim qədər işıqforların da təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atıllıb.
Əlbəttə, DİM təhvil alarkən NİİM vasitəsilə, ağıllı formada, nəqliyyat axının sıxlığına görə idarə olunan cəmi 1-2 işıqfor olduğu bir şəraitdə, qısa zamanda elə böyük dəyişikliklər də real görünmürdü.
Görünən odur ki, NİİM-in yarandığı zaman qarşısına qoyulan vəzifələrin böyük əksəriyyəti hələlik reallaşmayıb.
Elə hazırda küçələrdə, nəqliyyat sistemində baş verənlər də bunu deməyə əsas verir.
Nəqliyyat axının tənzimlənməsində problemlər qalır.
SMS məlumatlandırma yoxdur. Toplanmış datadan effektiv istifadə edilməsi, datanın emal olunaraq sürücülərə effektiv yollarla çatdırılması, alternativlər təqdim edilməsi müşahidə olunmur.
Nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “ağıllı işıqforlar”ın, detektorların sayı artırılmalıdır. Bununla da mərkəzi küçələrdə avtomobillərin orta sürətini bir qədər artırmaq mümkün ola bilərdi.
Hələ də normal bil mobil tətbiq ortada yoxdur. Yəni, real vaxtda yollardakı vəziyyəti öyrənmək, rəqəmsal tıxac xəritəsini əldə etmək, tıxacdan yayınmaq , naviqasiya, yollardakı problemli situasiya haqqında öncədən effektiv formada məlumat almaq imkanı hələlik tam reallaşmayıb.
Qarşıdan isə 15 sentyabr gəlir.
Ümid edək DİN mövcud resurslarından effektiv istifadə etməklə hərəkətin idarə edilməsində NİİM-in rolunu xeyli gücləndirə biləcək".
Səid İsaoğlu,
SİTAT.İNFO