"Rusiya Avropaya qazın nəqlini azaltmaq məcburiyyətində qaldıqdan sonra yeni bazarlar axtarmağa başlayıb. Əsas alternativ bazar Çindir. Rusiya Sibirdən Çinə boru xətti çəkib, ikincisi də inşa etmək istəyir. Kreml başqa qonşu ölkələrlə də bu sahədə əməkdaşlığı genişləndirməyə çalışır Belə ölkələrdən biri Türkmənistandır".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller bir müddət əvvəl Aşqabada gedərək ölkə rəhbərliyi ilə fikir mübadiləsi aparıb: "Miller Türkmənistan prezidenti Sərdar Berdıməhəmmədovla enerji sahəsindəki əməkdaşlıq məsələlərini müzakirə edib. Rusiya Türkmənistan üzərindən Cənubi Asiya ölkələrinə qaz nəql etmək istəyir. Bunun üçün Türkmənistannı qaz infrastukturundan istifadə ediləcək. Bu ideyanı gerçəkləşdirmək üçün yeni boru xətləri də çəkilməlidir".
E.Şahinoğlu vurğuladı ki, Kremlin Türkmənistana ehtiyacı yaranıb: "Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin keçmiş türkmən həmkarı Qurbanqulu Berdıməhəmmədova orden verib. Görünür, Putin hesab edir ki, hazırki prezident atasının məsləhəti ilə dövləti idarə edir.
Rusiya qazının Türkmənistan ərazisindən Cənubi Asiya ölkələrinə nəqli təklifinə Aşqabadın necə cavab verəcəyi bəlli deyil. Türkmənistan özü qaz ölkəsidir və yeni bazarlar axtarır. Türkmənistan İran üzərindən Azərbaycana qaz nəql edir və türkmən qazı Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çatdırılmağa başlanıb. Avropa daha çox türkmən qazının nəqlini istəyir. Ancaq bunun mümkün olması üçün Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Bu isə Rusiya və İranın əngəllərinə görə mümkün deyil. Türkmənistanın özü də dənizin dibi ilə boru xəttinin çəkilişinə maraq göstərmir. Bu isə Rusiyanın maraqlarına cavab verir. Rusiyanın özü də Türkmənistandan qaz alır. Kremlin məqsədi başqa ölkələrin Türkmənistanda mövqelərinin möhkəmlənməsinə mane olmaqdır. Ancaq Avropa bazarını itirməkdə olan Rusiyanın Türkmənistan qazını alması çətinləşib. Rusiya türkmən qazını alıb Avropaya satırdı. Hazırda isə Rusiya öz qazını Avropaya sata bilmir".
Politoloq onu da qeyd etdi ki, Türkmənistan və Rusiya Çinə də qaz satırlar: "Əslində Rusiya və Türkmənistan Çin bazarında rəqibdirlər. Buna baxmayaraq, Rusiya Türkmənistan üzərindən Pakistan və Hindistan bazarlarına da çıxış imkanı əldə etmək istəyir. Siyahıda Əfqanıstan da var.
Rusiyanın Türkmənistandakı səfiri Aleksandr Bloxin “Qazprom” sədrinin Aşqabada səfərindən bir neçə gün sonra açıqlama verərək iki ölkənin qaz bazarında bir-birinə rəqib olmadığını iddia edib: “Biz əməkdaşlıq edirik. Rusiya Türkmənistandan müəyyən həcmdə qaz alır. Bu hər iki dövlətin maraqlarına cavab verir”.
Səfirin sözlərinə görə, Avropaya qaz nəqlini dayandıqdan sonra sonra Rusiya və Türkmənistan üçün əsas bazarlardan biri Çindir.
Rusiyanın Türkmənistandakı səfiri Aşqabadın əvəzinə də açıqlamalar verib. Səfir demək istəyib ki, Rusiya bəlli səbəblərdən Türkmənistandan qaz ala bilməyəcəksə, hər iki ölkə qazın tamamını Çinə istiqamətləndirəcəklər. Türkmənistan onsuz da Çinə qaz ixrac edir. Ancaq Aşqabad Avropa bazarına da çıxış əldə etmək istəyir. Rusiyanın səfiri isə Aşqabadı xəbərdar edir ki, “Avropa bazarını unudun”.
Nigar,
SİTAT.İNFO