"İranın ali rəhbəri Seyid Əli Xameneinin ölüm xəbəri yayılıb, rəsmi Tehrandan isə məlumatları təsdiqləyən heç bir bəyanat səslənməyib.
Xameneinin təsdiqlənməmiş “vəfatına” İran hakimiyyəti daxilində ali lider uğrunda mübarizənin qızışmasının göstəricisi prizmasından yanaşmaq olar. İddialar sonrakı daxili çəkişmələrin şiddətlənməsinə yol açan məqamdır".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
Onun sözlərinə görə, artıq İran siyasi elitasında Xameneinin xələfinin kim olacağına dair qızğın rəqabət getdiyi görünür və bu, ali liderin kürsüsünə göz dikən dairələrin bəlkə də bilərəkdən ortaya atdığı iddialardır.
A.Kərimov baş verənləri belə şərh edib:
"İnformasiya axınlarında ötən gündən Xameneinin adının “qara lentlərdə” çəkilməsi, İranda hakimiyyət daxilində boşluq yaranmasının əlamətləri kimi xarakterizə edilməsinə şərait yaradır.
İstənilən halda, Seyid Əli Xameneinin yerinə gələ biləcək şəxsin kim olacağı beyinlərdə dolanan suallardır.
Mübarizənin tərəfləri Prezident İbrahim Rəisi və Seyid Əli Xameneinin oğlu Müctəba Xameneidir, daha çox bu iki şəxsin ən ali kürsüyə hazırlaşdığı anlaşılır.
Ali kürsünü təhvil almaq Müctəba üçün hüquqi cəhətdən çətinliklər yaradır. Niyə? Çünki Müctəba ayətullah deyil, bu mənada onun ali lider titulunu atasından texniki cəhətdən miras alması çətinləşir.
Ancaq ortada başqa bir presedent mövcuddur və Müctəba həmin presdenti əldə bayraq tutaraq ali rəhbərlik səviyyəsinə qalxa bilər.
Belə ki, 1989-cu ildə İran İslam İnqilabın lideri Ruhulla Xomeyni vəfat edəndə, onun kürəkəni Seyid Əli Xamenei ayətullah deyildi, Ekspertlər Şurası ayətullah statusu verdikdən sonra, o, ali məqamlı rəhbər postuna gəlmişdi.
Müctəba və tərəfdarları həmin presedentdən yapışa, İbrahim Rəisi isə Müctəbanın ali lider olmasına qarşı maneələr yarada bilər, hərçənd ki, SEPAH-ın da proseslərdə iştirakı həlledici təsirlər yaradacaq. Elə Ekspertlər Şurasının da Müctəbaya sərmayə qoyduğu haqqında məlumatlar var.
Xameneinin ölümü hakimiyyət daxilindəki ssenarilərin mətnini “oxumağa” imkan verir. Ssenarilər bir neçə istiqamətdə inkişaf edə bilər:
1. Ekspertlər Şurası növbəti lider seçsə də, prosesin yekunlaşması aylar, hətta illər çəkə bilər.
2. Müctəba ilə Rəisi danışıqlar yolu ilə ali rəhbərlik səlahiyyətlərinin bölüşdürülməsinə nail ola bilərlər, yəni kompromislə hüquqi varis Müctəba olsa da, Rəisi də faktiki üstünlüklər qazanmaq imkanına malikdir.
3. SEPAH pərdəarxasında fəaliyyət göstərməkdən yorulsa və səbri daşsa, İranda hakimiyyəti tam ələ ala bilər, bunun üçün onun xeyli resursu var – həm ordu, həm iqtisadi, həm də siyasi.
Xameneinin xərçəngdən ölümü barədə məlumatlar İranla Qərbin nüvə danışıqlarının dalana dirənməsi və müzakirələrin faydasız olacağına dair işartıların bərq vurduğu zamanda İslam Respublikası rejiminin beynəlxalq aləmdə onsuz da zədələnmiş nüfuzuna əlavə problemlər yükləyir.
Çünki İran daxili qarışıqlıq dövrünə qədəm qoyduqca, ABŞ ölkədəki demokratik hərəkatı alovlandıran planları dövriyyəyə salmaq üçün fürsətləri yenidən nəzərdən keçirir.
İsrail isə ABŞ-ın fürsətlər pəncərəsini özünün aktivinə qataraq İran barədə daha təhlükəli ssenarilər düşünür. İranın özünün də oturuşmuş dövlət ənənələri olsa da, ölkədə tüğyan edən bahalaşma, sosial problemlər fonunda xarici müdaxilələrə hansı səviyyədə duruş gətirəcəyini söyləmək çətindir".
Səid,
SİTAT.İNFO