"Ukraynanın güclü hərbi əməliyyatlara start verəcəyi gözlənilən idi. Bununla bağlı həm bizdə, həm də beynəlxalq siyasi şərhçilərdə qənaət var ikən düşünmürəm ki, Rusiya bu faktoru gözardı etsin".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Ukrayna ABŞ-ın Lend-Liz qanunundan sonra daha da böyük dəstəklər almağa başladı: "Həm ABŞ, həm Britaniya başda olmaqla kollektiv Qərb və NATO Ukraynaya ciddi dəstək verir. Özü də mən hesab etmirəm ki, bu dəstək təkcə silah-sursat, ya da hansısa müdafiə sənayesi məhsullarının ixracı ilə yekunlaşır. Ukraynaya hərbi təlimlərdən strateji tədrisə qədər bir çox sahələrdə böyük yardımlar edilir. Nəticədə Ukrayna bir çox kəndləri artıq işğaldan azad edib. Özəlliklə Xarkov və İzyum ətrafında Ukrayna cidi uğurlar qazanıb. Hazırda bu nailiyyətlərin Ukraynanın genişçaplı qələbəsi kimi xarakterizə olunmağı rasional deyil".
Siyasi şərhçi qeyd etdi ki, Ukraynanın tam olaraq qələbə qazanması üçün Donbasda və Krımda suveren hüquqları bərpa olunmalıdır: "Bunlar olmayacağı təqdirdə Ukraynanın hansısa qələbəsindən söhbət gedə bilməz. Rusiya Ukraynanın bu hücumlarına hazır idi. Rusiyaya hazırda Xarkovda uzunmüddətli qalmaq maddi və digər səbəblərdən o qədər də maraqlı görünmürdü".
T.İsmayılov hesab edir ki, Xarkovun işğalı daha çox vaxt udmağa hesablanmış klassik Rusiya taktiki gedişi idi: " Lakin istənilən halda Rusiya da Ukraynanın bu uğurlarını həzm edəcək kimi görünmür. Lakin bütövlükdə payız fəslini iki ölkə arasındakı situasiyaya görə gərgin hesab etmək olar".
Nigar Abuzər
SİTAT.İNFO