Nikol Paşinyan yenə zənglər edir: Moskva, Paris və Vaşinqtonu ayağa qaldırmağa çalışır...

11:42 13 Sentyabr 2022

"Gözlənilən idi. Nə qədər ki, sülh sazişi imzalanmayıb, Azərbaycanla Ermənistan arasında toqquşmalar fasilələlərlə davam edəcək. Rəsmi Bakı xoş niyyət göstərərək, erməni diversantları Ermənistana iadə etdi. Ancaq İrəvan bu xoş niyyətə Kəlbəcərə və Laçına atəş açmaqla cavab verdi, axşamlar yollara yenə minalar döşədi".

Bu sözləri politoloq Elxan Şahinoğlu SİTAT.İNFO-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan yaxın müddətdə Kəlbəcəri və Laçını məskunlaşdıracaq və bu baxımdan imkan vermək olmaz ki, Laçın və Kəlbəcər atəş altında olsunlar: "Ona görə də Ermənistandan Kəlbəcər və Laçına təhlükə yaradan atəş nöqtələrinin neytrallaşdırılmasına ehtiyac var idi. Ermənistan hakimiyyəti və Qarabağ separatçıları yalnız gücə tabe olurlar, İrəvan razılaşmaları daima pozur. Onlar qarşılarında güc gördükdə geri çəkilirlər. Demək biz daima bu alətdən qarşı tərəfin təxribatlarına qarşı istifadə etmək məcburiyyətindəyik".

E.Şahinoğlu vurğuladı ki, bu zaman Azərbaycana daha çox Rusiya mane olmaq istəyəcək: "Ancaq zaman Rusiyanın əleyhinə işləyir. Ukrayna ordusu uğurlu əks-hücumlar həyata keçirir. Rusiya ordusu geri çəkilir, imicinə zərbə dəyib, dünyanın ikinci böyük ordusu məğlub duruma düşüb. Belə vəziyyətdə olan Rusiyanın Azərbaycana sərhəddə və Qarabağda qayda-qanun yaratmasını əngəlləməsi Moskvaya əlavə problemlər yaradacaq".

Politoloqun  sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan yenə Moskva, Paris və Vaşinqtonu ayağa qaldırmağa çalışır, zənglər edir və Azərbaycan əleyhinə ittihamlar səsləndirir, işə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını qarışmasını da istəyir: " Onun məqsədi bu dövlətlərin və KMTN-nin Azərbaycana təzyiq etməsi və durdurmasıdır. Bu dövlətlərin hər birində ermənipərəst mövqeydə dayanan mərkəzlər olsa da, rəsmi səviyyədə Azərbaycanı qarşılarına almayacaqlar, hər birinin Cənubi Qafqazın əsas dövləti ilə əməkdaşlığı davam etdirməyə ehtiyacı var. KTMT-yə gəldikdə, bu təşkilat ümumi narahatlığını ifadə edəcək. Ermənistan xaricində KTMT üzvlərinin tamamı Azərbaycanla tərəfdaşlıq münasibətlərinə malikdirlər. Buna baxmayaraq, Ermənistan həmişə olduğu kimi Azərbaycana qarşı dezinformasiya müharibəsini genişləndirməyə çalışacaq, Rusiya və Qərbdəki tərəfdaşlarından dəstək umacaq".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti