Azərbaycanla Ermənistan arasında bufer zonanın yaradılması zərurətdir: HƏRBİ EKSPERT

18:26 13 Sentyabr 2022

"Son ay ərzində Ermənistan silahlı qüvvələrinin Laçın və Kəlbəcər istiqamətində yerləşən mövqelərimizi fasiləsiz olaraq müxtəlif çaplı silahlardan atəşə tutması sonunda Azərbaycan Ordusunun cavab zərbələri ilə müşayiət olundu. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya fəaliyyəti də müşahidə olundu, nəticədə Azərbaycan tərəfinin səbrinin daşmasına gətirib çıxardı".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, görünən odur ki, Ermənistan qətiyyətlə birgə bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində deyil: "Prosesi daha uzun müddətə yaymaqla bu öhdəliklərdən yayınması da şübhəsizdir. Düşmən təxribatlarının qarşısını almaq üçün Ordumuz kifayət qədər təsirli və effektiv tədbirlər görməkdə davam edir".

Ə.Verdiyev vurğuladı ki, bu yaranmış vəziyyətə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür: "Azərbaycan Ordusu düşmən təxribatlarının qarşısının alınması, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün əlində olan bütün güc və vasitələrdən istifadə edərək zəruri tədbirləri həyata keçirməkdədir".

Hərbi ekspertin fikrincə, proseslər onu göstərir ki, Azərbaycanla Ermənistan arasında bufer zonanın yaradılması zərurətdir: " Azərbaycan tərəfi Ermənistanı sülhə məcbur etmək və Ermənistanda baş qaldıran revanşist ideyaların məhv edilməsi üçün əlində olan bütün qüvvə və vasitələrdən bundan sonra da istifadə edəcək".

Nərgiz.

SİTAT.İNFO



Xəbər xətti