"Cəbhədə baş verən Ermənistan təxribatı birinci hal deyil. 10 noyabr bəyannaməsindən sonra dəfələrlə təxribatların, provakasiyaların şahidi olmuşuq. İstər hər hansı qanunsuz erməni silahlı birləşməsinin üzvünün Azərbaycan əsgərlərinin xidmət apardığı səngərə qumbara atılması, istərsə də digər faktlar… Ötən gün baş verənlər də bu provakasiyanın davamıdır. Bu təxribatlar Azərbaycan sərhəddində aparılır".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
Onun sözlərinə görə, Ermənistanın revanşist qüvvələri uzun illər ərazi bütövlüyümüzü pozub torpaqlarımızı işğalda saxladıqları kimi, düşünürlər ki, yenə də hansısa uğur əldə edə bilərlər: "Bu səbəbdən də Azərbaycanla Ermənistan arasında olan dövlət sərhəddində müxtəlif təxribatlar törədirlər. Azərbaycan Ordusunun operativ reaksiyası və Ermənistanın təxribatlarına layiqli cavab verməsi bir müxalifət partiyası kimi bizi qürurlandırır".
Partiya sədri vurğuladı ki, Ermənistan bir dövlət olaraq öz varlığını qorumaq istəyirsə, revanşist addımlardan çəkinməlidir: "Azərbaycanın haqlı olaraq ortaya qoyduğu sülh sazişinə imza atmalı, 10 noyabr bəyannaməsində üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Azərbaycanın suveren ərazisindən qanunsuz silahlı birləşmələr dərhal çıxarılmalıdır. Eyni zamanda Ermənistan sərhədlərin delimitasiyası prosesini sürətləndirməli, 10 noyabr bəyannaməsində Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri həyata keçirməlidir. Azərbaycan nə qədər dözəcək ki, onun ərazisində , Xankəndidə qanunsuz silahlı birləşmələr fəaliyyət göstərsin. Bütün bunları Ermənistanın hazırki baş naziri öz üzərinə götürüb, bu dövlət prosesi yubatmaqla nəyə nail olmaq istəyir? Azərbaycanın dəmir yumruğu yerindədir".
A.Şakiroğlu qeyd etdi ki, Ermənistan ya öhdəliklərinə əməl etməlidir, ya da Ordumuz bunu təmin edəcək: "Azərbaycan xalqı və dövləti sülh tərəfdarıdır. Ortaya Avropa Birliyinin vasitəsi ilə 5 prinsiplik müddəa qoyub. Paşinyan hökuməti də bunu qəbul edib. Ancaq sözdə qəbul etmək Azərbaycanı qəbul etmir. Azərbaycan qalib dövlətdir, şərtləri diqtə edən tərəfdir. Bu mənada qəbul edilən prinsiplərin həyata keçirilməsini təmin etmək Azərbaycan dövlətinin, ordusunun birinci vəzifəsidir. Eyni zamanda da beynəlxalq ictimaiyyətin".
Partiya sədrinin fikrincə, burada Paşinyan sadəcə zaman udmağa çalışır: "Güc toplamaq və yenidən təxribatçı addımlar atmaq üçün öz ölkəsində müəyyən tədbirlər görür. Dümənki hadisələr də bunu sübut etdi. Ancaq onun bu cəhdləri əbəsdir. Azərbaycanın bəzi rayonlardan çıxmaq üçün onlara dəqiq vaxt verildiyi kimi, bu prosesdə də 15-20 günlük vaxt götürməli, öhdəlik götürməli və ərazilərimizdən qanunsuz silahlılar çıxarılmalıdır. Eyni zamanda sərhədlərin delimitasiyası və Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslər sürətlənməlidir. Əks halda hər cür pozuculuğun qarşısı Ordumuz tərəfindən qətiyyətlə alınacaq".
Səid İsaoğlu,
SİTAT.İNFO