104 il öncə Turana açılan qapı: Bakının azad olunmasının ildönümüdür...

11:36 15 Sentyabr 2022

"Bakı öz neftinə və strateji movqeyinə görə hər zaman imperialist dövlətlərin diqqət mərkəzində olub, dəfələrlə hücuma məruz qalıb. Vəziyyət o yerə çatıb ki, Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan edərkən belə Bakıya girə bilməyib, çünki təcavüzkar Rusiya neft və milyonlar şəhəri Bakını Azərbaycanın ürəyindən qoparmaq istəyirdi.

Fəqət nə xoşdur ki, Azərbaycan Nuru Paşanın ordusunun yardımı ilə sentyabrın 15-də Bakını təcavüzkarlardan təmizləməyi bacarıb. 104 il öncə bu gün Qafqazda iki qardaş ölkə öz güclərini birləşdirərək, Turanın qurulması üçün bir addım daha atmışdı. Buna görə də 15 sentyabr dövlətimizin tarixinə şərəfli səhifə kimi həkk edilib".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında AY Partiya başqanı Anar Əsədli deyib. 

O vurğulayıb ki, məhz  bu tarixi hadisə nəticəsində Azərbaycan mərkəzini Gəncədən Bakıya köçürüb: "Dövlət müstəqilliyimizin elan edilməsinə baxmayaraq, paytaxtın Bakıdan uzaq düşməsi dövlətçiliyimizə və müstəqilliyimizə qarşı ciddi təhdid idi. Azadlığına təzəcə qovuşmuş və dünya ölkələri tərəfindən tanınmayan gənc dövlətimizin öz ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Üstəlik, Şimal qonşumuz və hər fürsətdə işğalçılıq məramından vaz keçməyən Rusiya da ən böyük təhdidedici güc idi. Belə bir mürəkkəb tarixi şəraitdə ağır dönəm yaşayan Osmanlı dövləti qardaşlıq borcu olaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunu ölkəmizə göndərdi. Qafqaz İslam Ordusunun ölkəmizə gəlişi ilə təcavüzkar bolşevik-erməni birliyinin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu".

A.Əsədlinin fikrincə, bir məsələni özəlliklə vurğulamaq lazımdır ki, dünya gücləri Turan ideologiyasının gerçəkləşməsini istəmədikləri üçün Qafqaz İslam Ordusunun da Qafqaza gəlməsinə qarşı idilər: "Lakin bütün etirazlara baxmayaraq , Osmanlı dövləti öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu Azərbaycan Korpusu ilə bir yerdə Bakını işğalçılardan azad etdi. Yalnız bundan sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçürüldü. Böyük qəhrəmanlıqlar göstərən Qafqaz İslam Ordusu bu döyüşlərdə 1130 şəhid verdi".

Partiya sədri qeyd etdi ki, Bakının işğalçılardan təmizlənməsi eyni millətin iki ayrı dövləti arasındakı qardaşlıq körpüsünü bir az daha möhkəmlətdi, daimiləşdirdi: "15 sentyabr hər iki dövlətin tarixində böyük əhəmiyyət daşıyan bir hadisədir. 100 ildən çox zaman keçməsinə baxmayaraq ölkəmizin bərpa etdiyi müstəqilliyi və ərazi bütövlüyü Rusiya tərəfindən erməni maşalarının əli ilə təhdid olunur. Bu gündə 100 il öncə olduğu kimi qardaş Türkiyə xalqlnın dəstəyini hiss edirik. Ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda canını fəda edən Şəhidlərimizin qarşısında baş əyirik".

Səid,

SİTAT.İNFO



Xəbər xətti