Rusiya Ermənistanın "göz yaşlarına inanacaqmı"?: İki dəfə düşünməlidir

13:48 16 Sentyabr 2022

"Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyadan hərbi kömək istədiyini etiraf edib. O, bu barədə dünən hökumətin iclasında deyib. Bir neçə gündür sərhədə gərginliyin davam etdiyi məlumdur. Bu gün KTMT missiyası Ermənistana getdi".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. 

Onun sözlərinə görə,  2020- ci ildə baş vermiş Tovuz döyüşləri vaxtı da əsas məqsəd məhz KTMT- ni proseslərə cəlb etmək idi: "Həmin məsələnin yenidən gündəmə gəlməsi proseslərdə Rusiyanın əlinin olmasına dair ehtimalları gücləndirir. Əlbəttə, Rusiya Ermənistana bu və ya digər formada dəstək verir. Yəqin ki, Moskvanın rolu olmadan İrəvan genişmiqyaslı təxribat törətməyə cürət etməzdi. Kreml məhz bu cür sabotajlarla Cənubi Qafqazda "suları bulandırmaqda" maraqlıdır".

Siyasi şərhçinin fikrincə, indi əsas sual Rusiyanın Ermənistana hərbi dəstək göstərəcəyi ilə bağlıdır: "Hər iki dövlət KTMT- nin üzvüdür. Üstəgəl, İrəvanla Moskva strateji müttəfiqdir. Amma nəzərə almaq lazımdır ki, eyni məzmunlu müqavilə Bakı ilə də imzalanıb. Deməli, Rusiya Ermənistana hərbi dəstək verməzdən əvvəl iki dəfə düşünməlidir. Əlbəttə, Ukrayna ilə davam edən müharibə Rusiyanın işini bir az da çətinləşdirir. İndiki halda İrəvan Moskva üçün prioritet ola bilməz".

K.Novruzov vurğuladı ki,  Kremlin Paşinyanın xahişini yerinə yetirməməsi Qərbin Ermənistan üzərində təsirinin daha da artması ilə nəticələnə bilər: "Rusiya bunu istəmir. Doğrudur, Putin bəzən Paşinyanı cəzalandırır. Bununla belə, Rusiya Ermənistana kifayət qədər dəstək göstərir. Bu, regiondakı mövcudluğunu qorumaq üçün şimal qonşumuzun özünə lazımdır. İndi kritik məqamdır. Əgər Kreml Paşinyanın sözünü yerə salmaq istəməsə, Ermənistana dəstək göstərsə, biz bu məqamdan istifadə etməliyik. Əgər Moskva Bakı ilə strateji müttəfiqliyə önəm vermirsə, biz də adekvat addımlar ata bilərik. Məntiq onu deyir ki, əməkdaşlıq sənədinə əhəmiyyət verməyən dövlətin sülhməramlı kontingentinin torpaqlarımızda asayişi qorumaq adı ilə fəaliyyət göstərməsi absurddur". 

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti