Azərbaycan- Ermənistan dövlət sərhədində yaşananlarla bağlı sosial şəbəkələrdə və mediada gedən müzakirələrə AY Partiya sədri Anar Əsədli münasibət bildirib.
SİTAT.İNFO xəbər verir ki, partiya sədri sosial-siyasi məsələlər milli məsələlərdən kənarda müzakirə olunmasını vacib hesab edib.
Onun fikirlərini olduğu kimi təqdim edirik:
"1. Ölkənin ictimai-siyasi həyatında sosial problemlərə yanaşma, siyasi məsələlərə baxışla milli məsələlərə münasibəti qarışdırmamaq lazımdır;
2. Təəssüf ki, ölkədə sorğulama mədəniyyəti aşağı səviyyədə olduğu üçün əksər siyasətçilər və ictimai şəxslər söylədikləri fikirlərin məsuliyyətini daşımırlar. Bu baxımdan da milli məsələlərlə bağlı kim necə gəldi, münasibət bildirir.
3. Millət və millətçilik, milli dövlət və millət-dövlət anlayışları haqqında elmi ədəbiyyatları əldə etmək, oxuyub-öyrənmək lazımdır. Millətləşmə prosesini tamamlamamış xalqların hər zaman çox ciddi problemlərlə baş-başa qalması mümkündür.
4. Sərhədlərin tarixi mənsubiyyət ilə həlli ən azından bu gün üçün doğru deyil və çağdaş hüquq sisteminə ziddir. Bu, bizi haqlı olduğumuz halda haqsız duruma salmaq deməkdir. Lakin sirr deyil ki, Ermənistanla Azərbaycan arasındakı sərhəd də mübahisəlidir. Bu mövzunun mübahisəli olduğunu və tam həllini tapmadığını bu gün ABŞ-ın BMT-dəki nümayəndəsi də qismən vurğuladı. Yəni bugünkü prosesi tarixi torpaqlarımızın bərpası kimi təqdim etməyimiz yanlışdır. Məsələni tamamilə beynəlxalq hüququmuzdan istifadə edərək, sərhədlərimizi müəyyənləşdirmək istəyimizə əsaslandırmalıyıq.
Paralel olaraq 1991-ci ildə qurduğumuz 86.600 kv.km. ərazimizdəki dövlətimizin suverenliyini bərpa etməliyik.
Bəzi dövlətlər öz irredentist iddialarını Konstitusiya və ya başqa hüquqi vasitələrlə formalaşdırır. Bunun dünyada örnəkləri var və bunu dövlət deyil, siyasi institutlar gündəmə daşımalıdır.
6. Aydınlarımızın yeni bir Zərdabi nəslinə ehtiyacı var. Təhsil, mədəniyyət, siyasi, ideoloji sahələrdə milli şüura sahib aydınların fikirlərinin yayılmasına çalışmalıyıq, yoxsa başqa ölkələrin "suyunu" içən A.G.-lərin populyarlığı millət-dövlət anlayışına böyük zərbə vuracaq.
Bütün bunları ona görə qeyd edirik ki, xalq olaraq Vətənə olan sevgimiz sorğulana bilməz. Ancaq etiraf edək ki, dövlətçilik təfəkkürümüzün tam formalaşmaması, hissi davranmağımız zaman-zaman bizə tarixi səhvlərə imza atdırıb. Biz Dövlətə olan sevgimizi formalaşdırmalıyıq. Sevgi hədəfi Azərbaycan yox, Azərbaycan Respublikası olmalıdır. Dövlət dəyərləri üstün tutulmalıdır. O vaxt biz sosial problemlə Dövlət əhəmiyyətli məsələləri qarışdırmarıq.
Yetişən gənc şərəflə Şəhid olur. Ruhları qarşısında baş əyirik. Ancaq gənclərimizə yalnız Vətən sevgisi deyil, Dövlətə sahiblənmək hissini, “Bu dövlət mənimdir” fikrini aşılamaq lazımdır. Onda həmin gənc sosial və siyasi problemlərinin həlli üçün sərbəst mübarizə aparacaq, ona məxsus Dövlətdə yaxşı yaşamaq hüququ uğrunda siyasi müstəvidə mücadilə verəcək, ancaq məsələ Dövlət olanda silaha sarılacaq. Bax, onda heç kim söyləməz ki, Vətən ancaq kasıbındır...
Vətən hamımızındır - hər bir azərbaycanlının. Vətəni sevək, Dövlətə sahib çıxaq! Bunu həm də övladının canını vətən yolunda əsirgəməyəcək bir ata olaraq deyirəm".
SİTAT.İNFO