Anar Əsədli: "Diasporun xərclədiyi pullarla Avropada Qarabağı müdafiə edəcək ordu qurmaq olardı"

11:44 19 Sentyabr 2022

"Dövr təşkilatlanma dövrüdür. Müharibə və konflikt şəraitində yaşayan ölkələr üçün bu, labüd bir məsələdir. Dövlətin rəsmi təmsilçisi olan səfirlər yerlərdə soydaşlarımızla və ictimaiyyətlə iş aparmalı və “O gün bu gündür!” dedikdə tam olaraq təşkilatlanmış, güvənli və inanılmış soydaşlarımız aksiya keçirən erməni lobbisinin önündə dayanmalıdır.  Onlar bu etirazların hara qədər inkişaf edə biləcəyini yerindəcə dəyərləndirməli və sabotajın qarşısını almalıdır. Ermənilərin kompakt şəkildə yaşadıqları, bizim isə az sayda olduğumuz yerlərdə diaspor təşkilatları səfirlikdən daha böyük miqyasda iş aparmalıdır".  

SİTAT.İNFO xəbər verir ki,  bu sözləri AY Partiya sədri Anar Əsədli deyib. 

Onun sözlərinə görə, güclü maliyyə dəstəkləri olan diasporumuz güneyli soydaşlarımız və Türkiyə türkləri başda olmaqla bütün türksoylu diaspor təşkilatları ilə iş qurmalı, kritik durumlarda türkiyəli və güneyli qardaşlarımıza müraciət edilməlidir: "Strateji baxımdan vacib şəhərlərdə yaşayan soydaşlarımızın içərisindən idmançılar, bu şəhərlərdə yaşayan güc strukturlarında çalışmış keçmiş təcrübəli insanlarımız siyahıya alınmalı, onlarla mütəmadi ideoloji iş aparılmalı və bu tipli etiraz aksiyalarında etirazçılara qarşı davranışları və onların təhlükəsizliyinin qorunması ilə bağlı təlimatlar verilməlidir". 

A.Əsədli hesab edir ki, xaricdə yaşayan azərbaycanlıların təşkilatlandırılması üçün ciddi işlər görülməlidir: "Sözün açığı, biz son vaxtlar Şuşada və başqa işğaldan azad  olunmuş bölgələrdə diaspor qurumunun dəvəti ilə gələnləri gördükdə səsimizi Qərbə çatdıracaq hazır silahsız bir ordunun ortaya çıxmasını gözləyirdik... Əvəzində nə gördük? 

Yaxşı, bu diaspor qurumlarını qoyduq bir kənara. Adi bir misal: Ən populyar idman növü olan futbolun əsas ideoloji tərəfi həm də azarkeş ordusu ilə bağlıdır. Türkiyənin istər milli yığması, istərsə də klubları Almaniyada, hətta almanlarla oynadıqları zaman tribuna üstünlüyünə malik olurlar. Bu, bir yandan millətin vətən təəssübkeşliyidirsə, o biri tərəfdən də təşkilatlanmaq bacarığıdır. "Qarabağ" futbol klubunun son zamanlardakı bu uğurlarından həmin istiqamətdə niyə istifadə olunmur? Halbuki təşkilatlanmaq üçün həm zamanımız, həm də imkanımız vardı". 

Partiya sədri vurğuladı ki, bu günədək diasporun  xərclədiyi pullarla Avropada Qarabağı müdafiə edəcək ordu qurmaq olardı: "Uzun illərdir kifayət qədər varlı bir neft ölkəsinin təmsilçiləri pulu hara və necə xərclədilər ki, düzgün təşkilatlana bilmədilər? Bu pullarla, şişirtmək kimi olmasın, bəlkə də, Avropada Qarabağı müdafiə edəcək ordu qurmaq olardı.  Erməni lobbisi, xüsusi xidmət orqanları illərdir formalaşmış bir təşkilatdır. Qurduqları oyunlar çox zaman, təəssüf ki, uğurla nəticələnib. 

Bəs Azərbaycan diasporu nə edir? Londonda, Beyrutda səfirlik binasına hücumdan sonra digər ölkələrdə öz işini qura bilməyən diplomatik nümayəndəlik ölkəni, həm də müharibə şəraitində olan bir ölkəni necə təmsil edə bilər?! 

Dövlətin öz dövlət maraqlarını və vətəndaşlarını qorumaq üçün hər yerdə gizli, qeyri-rəsmi görən gözü, eşidən qulağı, çevik qurumu olmalıdır. Olmalıdır! Ancaq yoxdur və bu, ciddi bir boşluqdur, həm də çox ciddi...".

Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti