"Pelosi göz yaşları ilə mövcud situasiyanı qızışdırır" - Osman Gündüz

13:23 19 Sentyabr 2022

"Ermənistan sülh müqaviləsinə və sərhədlərin müəyyənləşməsinə razı deyil. Deyir ki, öncədən Qarabağın statusu müəyyən olunsun. Bununla da 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmanın sərtlərini pozur".

Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, son addımlarından da görünür ki, Ermənistan təxribatlar törətməyə, vaxtı uzatmağa, böyük dövlətlərin imkanlarından istifadə etməyə çalışır: "Bu dövlətlərin də, təbii ki, regionda öz maraqları var. Son müşahidələr göstərir ki, Ermənistan Rusiyadan əlini üzərək indi də ABŞ-a sığınır və onlardan dəstək istəyir. Ermənipərəst mövqeyi ilə seçilən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistanda olarkən Azərbaycan əleyhinə, reallıqdan uzaq açıqlamalar verib. Onun, 30 illik erməni işğalına göz yumaraq, göz yaşları axıdaraq və tərəfli mövqe tutaraq Ermənistana dəstək verməsini yumşaq desək, regionda sülhün yaranmasına maneçilik kimi, mövcud situasiyanı qızışdırmaq kimi dəyərləndirmək olar".

O.Gündüz vurğuladı ki, sərhədlərin qeyri-müəyyən olduğu indiki şəraitdə Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün zəruri addımlar atması məntiqlidir və doğrudur: "İndiki situasiyada, gecikmədən və ləngimədən vəziyyətin daha tez normallaşmasına və daha tez sülh müqaviləsi bağlanmasına nail olmaq və bu istiqamətdə gərəkən addımlar atmaq maraqlarımıza uyğundur. Yəni, əgər ərazimiz üçün, torpaqlarımız üçün təhlükə varsa qabaqlayıcı zəruri tədbirlərin görülməsi zəruridir. Bu baxımdan Azərbaycan üçün, ərazimiz və əhalimiz üçün real təhdidlərin, təxribatların olduğu bir zamanda təhlükəsizliyin qorunması üçün özünümüdafiə yönümllü addımların atılması, hətta təhlükəsizlik zonasının formalaşması istiqamətində addımların atılması doğru olardı".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti