"Vaqner"in ideya müəllifi Putindir: Ən yaxın dostuna...

11:47 26 Sentyabr 2022

"Beynəlxalq mövzulara maraq göstərənlərin az qala tamamı bilir ki, Rusiyada muzdlu “Vaqner” qruplaşmasının təsisçisi Evqeniy Priqojindir. Bu şəxs Kreml sahibi Vladimir Putinin Sankt-Peterburqdan yaxın dostudur. Priqojin Putinin hesabına varlanıb. Onun “Konkord” şirkəti ərzaq təhcizatı ilə məşğuldur, o cümlədən Priqojin Kremldəkilərin bahalı süfrələrinə cavabdehdir. Prqiojin bu mənada Putinin şəxsi aşbazı titulunu da daşıyır. Bunun hesabına Priqojin dövlətin tenderlərində əsas pay sahibidir".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O vurğulayıb ki, Priqojin illər uzunu “Vaqner”lə bağlılığını təkzib edib: "Nəhayət o bugünlərdə etiraf edib ki, “Vaqner” muzdlu qruplaşmasını 2014-cü ildə təsis edib. Niyə məhz 2014-cü il? Görünür, Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra muzdlu qruplaşmaya ehtiyac duyub. Bu ideyanın arxasında şəxsən Putinin dayandığını zənn edirəm. O düşünüb ki, oxşar şirkətlər rəqibi ABŞ-da varsa, Rusiyada niyə olmasın? Putin bu işi varlanmasına imkan yaratdığı ən yaxın dostuna tapşırıb".

Politoloq qeyd etdi ki, “Vaqner” muzdluları Liviya, Suriya savaş təcrübəsindən çıxdıqdan sonra Ukraynaya göndəriliblər: "Vaqner”in Ukraynada itkiləri çoxdur. Putin itkilərin yerini doldura bilmədiyinə görə qismi səfərbərliyə ehtiyac duyub. Priqojinin özü isə Rusiya həbsxanalarını gəzərək əfv qarşılığında məhbusları Ukraynaya ölümə göndərməklə məşğuldur".

Nərgiz, 

SİTAT.İNFO



Xəbər xətti