"Neçə gündür, dünyanın xəbər gündəmini zəbt edən proseslərdən biri də Rusiya əhalisinin qismən səfərbərliyə olan reaksiyasıdır.
Ukraynadakı savaşa, oradakı insan ölümünə çox zaman biganə yanaşan, hətta işğalı alqışlayan, "Böyük RUSİYA", "savaşmağı sevən ruslar" şüarıları ilə öyünən ruslar iş əmələ çatanda yuxarıda sadaladıqlarımın hamısının fiksiya olduğunu, şüarların boş partlamasını göstərdi".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında AY Partiya sədri Anar Əsədli deyib.
Onun sözlərinə görə, bütün bu olanlara qeyri-rus əhalinin reaksiyası daha qatı rəng qatdı: "İllərdi, yaşadıqları ölkədə ikinci sort insan sayılanlar səfərbərlik elan ediləndə ilk yada düşənlər oldu. Təbii ki, onların da reaksiyası adekvat oldu. “Böyük Rusiya” ideyasına yad və heç bir dəxli olmayan qeyri-ruslar Putin uğrunda gözüyumulu ölümə getmək istəmirlər. Dünən Dağıstanda baş verənlər heç şübhəsiz jurnaldır. Atəş səsləri hələ ki, insan ölümü ilə nəticələnmir. Amma faciəvi sonluqlu iğtişaşlar uzaqda deyil. Bunları görməmək mümkün deyil. İllərdi, boş “Rusiyasevərlik” təbliğ edən Putin maşını səfərbərliyə olan reaksiyadan çaşıb qaldı.
Avropanı “geyropa” adlandıran, avropalıların artıq döyüşmək qabiliyyətini itirdiklərini iddia edən putinizm əslində rusların bu məsələdə avropalılardan çox uzağa getmədiyinin şahidi oldu. Bu, səfərbərliyin ilk günü idi. Müharibədən 18 yaşlı gənclərin ölüm xəbəri gəldikcə bu iğtişaşların böyüməsi an məsələsi olacaq".
A.Əsədli hesab edir ki, çökən iqtisadiyyat, əsgər ölümü, izolyasiya, sanksiyalar və s. Putinin ölkəsinə Ukraynada 3 günlük zəfərin əvəzinə verdiyi töhfə oldu: " Savaşın sonu nə olursa, olsun, əsas məsələ odur ki, Putin bir siyasi lider kimi uduzdu. "Savaşçı rus ordusu" mifini öz əli ilə yıxdı. Həm dünyanın, həm də öz xalqının, daha doğrusu Rusiya Federasiyası xalqlarının gözündə...
Buna görə tarixə həm də ağılsız siyasətçi kimi düşəcək".
Partiya sədrinin sözlərinə görə, savaş hər zaman qandır və arzuolunan deyil: "Lakin məcburən işğalçıya qarşı başlanan savaş istənilən xalqı yumruq kimi birləşdirir. 44 günlük savaş zamanı biz bunu yaşadıq. Ukrayna xalqı da hazırda bu şərəfli savaşı aparır.
Ədalətsiz, amansız və ideoloji yanı olmayan savaşlar həmin ölkələrdə inqilablarla nəticələnir. Birinci Dünya savaşı zamanı baş vermiş böyük inqilabların səbəblərini öyrənmədən Üçüncü Dünya savaşını başlatmaq istəyən Putin yaxşı düşünməli idi. Amma olsun, bizə elə bu düşüncəsizlik lazım idi".
A.Əsədli onu da bildirdi ki, bizi, hər bir azərbaycanlını isə düşündürən bu çaxnaşmaların içində Rusiyada yaşayan həmvətənlərimizin taleyidir: "Rusiya vətəndaşlığı olmayan soydaşlarımızın taleyi məlumdur. Onlar səfərbərliyə cəlb edilməyəcəklər. Lakin bir çoxu artıq illərdir ki, Rusiya vətəndaşıdır. İndi bu soydaşlarımızın taleyi haqqında düşünməliyik. Rəsmi Bakı bununla bağlı hansı addımı ata bilər və ya hüquqi imkanlarımız nədir?
Təbii ki, Azərbaycan Respublikası bütün dünyadakı soydaşlarımızın hüququnun müdafiəçisidir. Yəni, hər hansı hüquq pozuntusundan söhbət gedirsə, bəli, dövlət məsələyə qarışa bilər. Lakin bu situasiyada hər hansı hüquq pozuntusundan söhbət getmir. Rəsmən Rusiya vətəndaşı olan soydaşlarımız hər bir rusiyalı kimi səfərbərliyə cəlb olunacaq. Diaspor müəyyən işlər görə bilər belə vəziyyətdə. Xəstə valideyni, azyaşlı uşağı olanların səfərbərlikdən yayınmasına yardım edə bilərlər. Bu soydaşlarımızın vətənə dönüşünü təmin edə bilərlər. Amma bunun üçün real iş aparılmalıdır".
Partiya sədri daha bir problemli məsələyə diqqət çəkdi: "İllərdi, Rusiya bazarlarından dolanan soydaşlarımızın vətənə dönüşünə Vətən hazırdımı? Bax, bu, artıq yeni problemdir. Həlli illərdi, düşünülməli olan, lakin həll edilməyən problem. Bu məsələyə biz pandemiya dövründə də toxunduq, məsələ açıq qaldı. Amma indi əsas məsələ Azərbaycan insanının putinizmin kütləvi "qətliamından" qurtarmaqdır. Bunun üçün də siyasi partiyalar, QHT-lər, diaspor təşkilatları birgə müzakirələr aparmalı və ya bir yerdə edə bilmirlərsə belə tək-tək də olsa məsələni gündəmə gətirib siyasi hakimiyyəti lazımı addımlar atmağa çağırmalıdır".
Nərgiz,
SİTAT.İNFO