"Dünyanın tam çivisi çıxıb, artıq heç bir məsələdə “qırmızı xətlər” qalmayıb, hətta “soyuq müharibə” zamanı belə kritik enerji infrastrukturları, kommunikasiya xəttləri toxunulmaz idi. Hətta Rusiyanın Ukraynaya təcavücü və apardığı işğalçı müharibə zamanı belə hər iki tərəf Ukraynadan keçən kommunikasiya xəttlərinə ziyan vuracaq addımlardan çəkinirdilər. Amma Rusiya Zaparojye AES-ni işğal edib atom təhdidi yaradan gündən bu “qırmızı xəttlər” silinməyə başladı".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, iki gün öncə Baltik Dənizində “Şimal Axını-1” və “Şimal Axını-2” boru kəmərlərinin partladılması dünyada yeni, çox təhlükəli, heç bir tabu tanımaz şərait yaradır: "Partlayışın kimlər, hansı ölkə tərəfindən törədilməsindən asılı olmayaraq bu çox təhlükəli presedentdir. Əgər dünyada indi həm də “infrastruktur müharibələri” başlasa, zatən xaotik durumda olan vəziyyət daha da mürəkkəbləşəcək, zatən “kovidlə” mübarizənin axmaqcasına aparılmasından başlayan iqtisadi böhran daha da dərinləşəcək".
N.Cəfərli vurğuladı ki, görünən odur ki, hər bir ölkə öz başının çarəsinə özü qalmalıdır: " Azərbaycan öz həyati əhəmiyyətli infrastruktur və kommunikasiya xəttlərinin daha da ciddi qorunması məsələsini həll etməli, bunun üçün Türkiyə, Britaniya və İsrail ilə (Türkiyə xəttlərin davamı olan ölkə kimi, Britaniya Bp şirkətinin neft-qaz layihələrinin əsas operatoru olduğu, İsrail isə öz neft ehtiyacının yarıdan çoxunun Azərbaycandan təmin etdiyi üçün) hava məkanımızın tamamən xarici müdaxilələrə bağlanması, yerüstü təhlükəsizlik tədbirlərinin artırılması (məsələn, boru xəttləri boyu Türkiyə ilə birgə təhlükəsizlik nəzarətinin gücləndirilməsi, boru xəttləri boyu birgə nəzarət məntəqələrinin yaradılması) ilə bağlı qərarlar alınmalıdır. Nə qədər ki, Rusiya Ermənistanda həlledici söz sahibidir, Ermənistan-Azərbaycan sərhəddinə yaxın bölgələrdən keçən boru və kommunikasiya xəttlərimizə həmişə təhlükə olacaq - 2020-ci ilin yayında Tovuz təxribatı bunun əyani sübutudur...".
Nərgiz,
SİTAT.İNFO