"Xalqı ən həssas yeri olan Şəhidi ilə sınamayın" - Anar Əsədli

15:34 29 Sentyabr 2022

"Qutsal qanlarını bizim üçün tökən, canlarını torpağın Vətən, Vətənin möhkəm dövlət olması uğrunda fəda edən Şəhidlər bu xalqın ən həssas nöqtəsidir. Qazi və Şəhidə hörmət, diqqət, qayğı, istisna təşkil edəcək durumlarda xüsusi qərarların verilməsi və s. kimi məsələlər müharibə aparan və ya müharibə təhlükəsi yaşayan hər bir ölkə kimi, Azərbaycanın da dövlət nümayəndələrinin prioritet məsələsi olmalıdır. Bizim dövlət olaraq mövcudluğumuz, qanunun aliliyindən danışmağımız Şəhidimizin qanı və ruhu hesabınadır. Bunu görə bilməmək vətənə də, dövlətə də xəyanətdir”. 
 

Bu fikirləri SİTAT.İNFO-ya açıqlamasında AY Partiya başqanı Anar Əsədli səsləndirib.

Onun  sözlərinə görə, şəhid Səbuhinin qardaşı bir neçə dəfə gündəm oldu və cəmiyyəti narazı salan hallar yaşandı: "Kimsəsiz böyüyən, bir-birindən başqa ailə üzvü olmayan iki gənc qardaşın çətin həyatı xalqımızın ürəyini dağladığı halda, az qala hər gün qanun pozan Azərbaycan məmurunun vicdanını sızlatmadı. Şəhid qardaşına ev vermək məsələsinə gəldikdə oldular qanunpərəst, hərfən qanun bələdçisi. 
Ayıb deyilmi? Kimi aldadırsınız? Kimdir, sizə inanan? SOS kəndləri yetimxana deyilmiş, bəs nə imiş? 5 ulduzlu oteldir? SOS kəndində böyüyən valideyn himayəsində yaşayıb? SOS uşaq kəndləri valideyn himayəsindən məhrum olmuş və digər problemləri olan uşaqlara qayğı göstərilməsi məqsədi ilə yaradılıb. Valideyn himayəsindən mərhum olmuş. Yetim... 
Başa düşmürsünüz, YETİM nə deməkdir? Bundan daha açıq ifadə ilə necə anladaq sizə? Siz düşünmürsünüz ki, müharibənin törədəcəyi saysız-hesabsız fəsadlarla bağlı hansı addımlar atılmalıdır? O addımlar ki, atasız, anasız vətəndaşlarımız da nəzərə alınsın? 
Bu situasiyaları heçmi düşünmədiniz?”,- deyə o vurğulayıb".

 
Partiya sədri vurğuladı ki, Səbuhinin qardaşı onun illərdir, tək ailə üzvü olub: "Yəni, iki qardaşdan ibarət ailə. Bunu siz də bilirsiniz, xalq da. Məgər bu, istisna durum kimi dəyərləndirilə bilməz ki? Bəs siz bu istisna vəziyyətləri həll edə bilməyəcəksinizsə, o zaman nə işə yarayacaqsınız? 
Digər tərəfdən, nə qədər demək olar ki, belə hadisələr bizim xarici təhdidlərə qarşı hərbi-ideoloji immunitet qazanmağımızın qarşısını kökündən alır. Dövlətin sütunu sayılan bu həssas təbəqəyə qarşı aparılan yarıtmaz siyasətlə ölkənin hərbi-siyasi immuniteti öldürüldükdən sonra ən müasir silahın olsun, o silahlarla kim döyüşəcək? 
Sülh sazişinin imzalanmadığı hər gün müharibə riski var. Rusiya və İran var gücü ilə sülh prosesinə mane olur. Hələ də Ermənistan silahlı qüvvələri Xankəndi, Xocalı və ətraf ərazilərdən çıxarılmır, belə olan təqdirdə hərbi əməliyyat qaçılmazdır". 

A.Əsədli hesab edir ki,  savaş bitib, ancaq təhlükə sovuşmayıb, bu mənada savaş əzminin ölməsinə qəti şəkildə yol vermək olmaz: "Xalqı ən həssas yeri olan Şəhidi ilə sınamayın. Yalan-palan qurub, nağıl danışmayın. Sizin yığdınız var-dövləti bu xalq sorğulasa, qanunun “Q”sını tapmayacaq. Dolmuş səbir limitini daşdırmayın. Düşüncəsiz açıqlamalardansa, fəaliyyətinizi düzgün və milli maraqlar aspektindən yanaşaraq qurun. Zəngilanın Ağalı kəndinə köçürdüyünüz ailələrin bir neçəsi Masazır qəsəbəsindəki Zəngilan şəhərciyində yaşayıb. Masazırdakı o yaşayış binaları dövlətin hesabına, yəni biz vətəndaşların vergisi hesabına tikilib. Zəhmət çəkin, o evlərdən birini təqdim edin şəhidimizin qardaşına. O ailələr bu gün öz dədə-baba torpaqlarında yaşayırsa, bu, Şəhidlərimizin qanı bahasınadır. Demək ki, şəhid ailəsinin o evlərdə yaşaması təbii haqqıdır". 

Partiya sədri iş adamlarına da səslənib: "Bir də üzümü iş adamlarına tuturam, hardasınız gəmisinə şəhid adı verənlər, müharibə zamanı göstərdikləri maddi dəstəkdən dolayı mükafat aldıqları ilə öyünənlər, pulunu “Vətən, millət, Sakarya” üçün xərclədiyindən ağızdolusu danışanlar? Səbuhinin qardaşını niyə görə bilmirsiniz? Hanı Rusiyadakı milyonçu azərbaycanlılar? Hanı Şuşada şəkil çəkdirən, “Vətən” bağıran imkanlı diaspor nümayəndələri? Hanı “fonda 50 min, 100 min köçürdüm”, - deyib hava atanlar? Hardasınız? 
Xalqımızın qeyrətli və vicdanlı oğullarına səslənirəm: Dövlətimizin imkanları ola da bilər, olmaya da və ya yarıtmaz məmurlar bu imkanları düzgün dəyərləndirməyib, ikrah hissi yarada bilər. Siz səssiz qalmayın. Şəhidimizin qardaşına sahib çıxaq!" - deyə partiya başqanı bildirib".

Səid,

SİTAT.İNFO



Xəbər xətti