"Rusiyanın keçirdiyi bu saxta referendumla bağlı dövlət olaraq ortada birmənalı mövqeyimiz olmalıdır. Azərbaycanın mövqeyinin gecikməsini doğru hesab etmirəm".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında AY Partiya başqanı Anar Əsədli deyib.
Onun sözlərinə görə, Ukrayna ilə strateji müttəfiqliyimiz var və bəzi nüanslar qətiyyən unudulmamalıdır: "Doğrudur, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, bu savaşda onlara hər cür dəstəyini ifadə edib. Bu məsələdə bir an öncə biz mövqeyimizi bildirməliyik, gecikməməliyik".
A.Əsədli vurğuladı ki, bütün dünya dövlətlərinin, o cümlədən bizim strateji müttəfiqimiz olan Türkiyənin mövqeyi bəllidir: "Zelenski prezident seçiləndən sonra Cənubi Qafqazda ilk səfər etdiyi ölkə Azərbaycan olub. Nə Gürcüstana, nə Ermənistana səfəri olmayıb. Azərbaycanla Ukraynanın hər zaman özəl bir münasibəti olub. II Qarabağ savaşında mövqelərini konkret və sərt şəkildə ifadə etdilər. Biz də mövqeyimizi döblət olaraq ortaya qoymuşuq. Bu məsələdə də qətiyyən yubanmamalıyıq".
Partiya sədri qeyd etdi ki, Rusiyanın çağın gerisində qalmış addımları, beynəlxalq hüquqa tüpürərək atdığı addımlar birmənalı şəkildə qəbul oluna bilməz: "Azərbaycanın da burada başqa mövqeyi ola bilməz. Sadəcə bu mövqeyi gecikdirmək bizim dostlarımızı incidə bilər. Vaxtında ciddi mövqe ortaya qoymaq lazımdır".
Nərgiz,
SİTAT.İNFO