Masallıda qızların təhsildən yayındırılması hallarına qarşı maarifləndirici tədbir keçirilib FOTOLAR

14:31 13 Oktyabr 2022

Son illərdə Azərbaycanda qızların təhsildən yayındırılması hallarına qarşı ardıcıl tədbirlər görülür.

Sitat.info xəbər verir ki, Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyi də regionlarda təhsil alan yeniyetmə qızların  maarifləndirilməsi ilə qızların təhsildən yayınmasının qarşısının alınması, onların peşə və ali təhsilə cəlb edilməsini təşviq etməyi nəzərdə tutan layihə çərçivəsində Masallı rayonunda məlumatlandırma sessiyası keçirib. “Qızların ali və peşə təhsilinə marağının artırılması ilə təhsildən yayınmasının qarşısının  alınmasına dəstək” layihəsi çərçivəsində keçirilən məlumatlandırma sessiyasına Masallı rayonundan olan 51 nəfər məktəbli qatılıb.

Tədbiri giriş sözü ilə açan Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyinin sədri Sevil Allahverdiyeva bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur: “Layihənin məqsədi regionlarda təhsil alan yeniyetmə qızların və valideynlərin maarifləndirilməsi ilə qızların təhsildən yayınmasının qarşısının alınması, onların peşə və ali təhsilə cəlb edilməsini təşviq etməkdir. Layihə çərçivəsində qızların təhsildən yayındırılması, erkən nikaha cəlb edilməsi hallarına qarşı məsul şəxslər, qurumlar, yaranan məsuliyyət, bu halların baş verməsi zamanı şikayət edilməsi, qızlar üçün peşə məktəbləri və ali təhsil ocaqlarında uyğun təhsil imkanları ilə bağlı məlumatların əks olunduğu buklet hazırlanaraq çap edilib. Həmin buklet sizlərə paylanılan qovluqlarda da var və bukletdə olan məlumatla həm özünüzün, həm də valideynlərinizin tanış olması arzuolunandır”.

Daha sonra tədbirin məruzəçisi Xalid Kazımov tədbir iştirakçılarına qızların təhsil almasının əhəmiyyəti ilə bağlı məlumat verib. Tədbir zamanı iştirakçılara ölkəmizdəki orta ixtisas, peşə təhsili müəssisələri, ali təhsil müəssisələrində qızların təhsil alması üçün uyğun ixtisaslar barədə məlumat verilib. İştirakçılara qızların təhsil hüququ, qızların təhsildən yayındırılması, erkən nikaha cəlb edilməsi zamanı yaranan məsuliyyətlə bağlı məlumat verilib. Respublikamızda qızlar üçün peşə məktəbləri və ali təhsil ocaqlarında ödənişsiz təhsil imkanları ilə bağlı da iştirakçılara məlumat verilib. Orta ixtisas, peşə məktəbləri və ali məktəbə sənəd verilməsi proseduru əyani olaraq qızlara göstərilib. Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Sitat.info




Xəbər xətti