Salyanda gənclərin peşə seçimi ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTOLAR

11:41 20 Oktyabr 2022

“Gənc Musiqiçilərə Dəstək” İctimai Birliyi yeniyetmələrin peşə təhsili ilə bağlı növbəti maarifləndirmə tədbirini Salyan rayonunda keçirib. Salyan rayon Elxan Ağayev adına Arbatan kənd tam orta məktəbində keçirilən tədbirə məktəbin peşə təhsilinə maraq göstərən 72 şagird qatılıb. 
Sitat.info xəbər verir ki, Elxan Ağayev adına Arbatan kənd tam orta məktəbin direktoru Aytən Ağalarova peşə təhsili ilə bağlı maarifləndirmə tədbirlərinin əhəmiyyətli olduğunu qeyd edib. 

Daha sonra çıxış edən “Gənc Musiqiçilərə Dəstək” İctimai Birliyinin sədri Nübar Əliyeva bildirib ki, doğru peşə seçimi yeniyetmələrin gələcək həyatına təsir edəcək amillərdən biridir: “Yeniyetmələr iştək, bacarıqlarına uyğun peşə seçib, həmin peşəni dərindən öyrənərlərsə, həyatda uğur qazanmaq şansları da artar.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Yeniyetmələr arasında peşə təhsilinin təbliği” layihəsi də bu yolda sizlərə dəstək olmaq üçün həyata keçirilir. Layihənin məqsədi yeniyetmələri peşə təhsili, respublikamızda daha çox işçiyə ehtiyac olan peşələrlə bağlı məlumatlandırmaqla doğru sənət seçiminə yönləndirməkdir. Layihə çərçivəsində yeniyetmələrin və valideynlərin maarifləndirilməsi məqsədi ilə respublikamızda peşə təhsili müəssisələrinin mövcud potesialı, hazırda daha çox ehtiyac duyulan peşələr, peşə təhsili müəssisələrinə qəbul qaydalarının əks olunduğu buklet hazırlanıb. Hazırlanan buklet sizə paylanılan qovluqlarda da var. Həmin buklet vasitəsi ilə də peşə məktəbləri, peşə məktəblərinə qəbul qaydaları, peşə məktəblərində öyrədilən və əmək bazarında daha çox ehtiyac olan peşələrlə bağlı məlumat var. Ümid edirik ki, bu buklet də sizə faydalı olacaq”.

Daha sonra tədbirdə layihənin eksperti Xalid Kazımov şagirdlərə Peşə təhsili ilə bağlı məlumat verib. Şagirdlərə doğru peşə seçiminin əhəmiyyəti, respublikamızda peşə təhsili  müəssisələri, dövlətin peşə təhsilinin inkişafı istiqamətində gördüyü ilə bağlı məlumat verilib. Həmçinin, şagirdlərə peşə təhsili müəssisələrinə sənəd qəbulu qaydaları, portal.edu.az saytında qeydiyyat proseduru, elektron qeydiyyatdan keçən zaman tələb olunan sənədlər, ərizəçilərə verilən ixtisas seçimi, peşə təhsili müəssisələrində pulsuz təhsil, peşə təhsili müəssisələrində təhsil haqqına güzəşt imkanları, peşə təhsilinə qəbul olan tələbələrdən tələb olunan sənədlərlə bağlı məlumat verilib. Şagirdlərə portal.edu.az saytında qeydiyyat və peşə təhsili müəssisələrinə sənəd verilmə proseduru əyani olaraq da göstərilib. 


Sonda şagirdlərin peşə təhsili və peşə məktəbləri ilə bağlı sualları cavablandırılıb.

Sitat.info




Xəbər xətti